Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.
Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə 1997-ci ildə təsdiq olunan Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Məhz ölkəmizdə Gənclər günü qeyd olunandan sonra, digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Artıq 29-cu ildir ki, dövlət-gənclər siyasətinin strateji əsaslara söykəndiyini təsdiqləyən 2 fevral - Gənclər günü müstəqil respublikamızın hər bir bölgəsində təntənə ilə qeyd olunur.
Böyük və tükənməz bir qüvvə, Vətənin işıqlı sabahı, nurlu gələcəyi olan gənclərin savadlı, dünyagörüşlü yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhlu olması hər bir dövlət üçün vacibdir. Gənclər cəmiyyətin aparıcı təbəqəsidir. Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvədir. Buna görə də inkişaf və tərəqqi məhz gənclərlə addımlayır. Gənclər gününün təsis edilməsi də məhz Ulu Öndərin uğurlu gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Müasir gəncliyimiz də Ümummilli Liderimiz Heydər Əliyevin xidmətlərini heç zaman unutmur, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqət və qayğısını dərin ehtiram hissi ilə xatırlayırlar. Ulu Öndər Heydər Əliyevin gənclər haqqında söylədiyi hər bir fikir gənclər siyasətin mahiyyətini aydın şəkildə ifadə edir: “Ölkəmizin hər bir gənci, Azərbaycan xalqına, millətinə mənsub olan hər bir gənc öz şərəfli borcunu mütləq yerinə yetirməlidir, orduda xidmət etməlidir. Orduda xidmət edib, sonra tərxis olan gənc bizim cəmiyyətdə də, həyatımızın bütün sahələrində də ən dəyərli insan hesab olunur.”
Hər kəs yaxşı bilir ki, gənc nəslin vətənpərvərlik ruhunda daha geniş dünyagörüşə malik olmalarının təmin edilməsi, formalaşması dövlətin gənclər siyasətinin başlıca məqsədidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bunun nəticəsidir ki, çağdaş Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində nəinki fəallığıyla fərqlənir, həm də dövlət üçün, dövlətçilik üçün gərəkli təşəbbüslərin gerçəkləşməsində israrlıdırlar.
Əbəs yerə demirlər ki, gənclik cəmiyyətin mühüm hissələrindəndir. Cəmiyyətdə dövlətçilik üçün gərəkli olan bütün proseslərin aparıcı qüvvəsi gənclərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə ünvanladığı fikirlər dövlətin gənclər siyasətinin mahiyyətinin ifadəsidir: "Gənclər, mən sizə inanıram, güvənirəm".
Məhz bu inamın, güvənin nəticəsidir ki, Ermənistan silahlı birləşmələri 2020 - ci il sentyabrın 27-də müxtəlif istiqamətlərdən, müxtəlif növ silahlardan, artilleriyadan istifadə etməklə böyük təxribat törətmək, yeni ərazilər işğal etmək niyyəti ilə hücum edəndə şanlı Ordumuz işğalçıların hücumunun qarşısını qətiyyətlə aldı. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı - Vətən müharibəsi başladı.
Tərkibi, əsasən, gənclərdən ibarət olan Milli Ordumuz düşmən üzərində möhtəşəm qələbə qazandı. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı hərb tariximizə daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi qələbə qazandı.
Hazırda Ümummilli Lider Heydər Əliyevin daxili və xarici siyasətini yaradıcı surətdə, uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan gəncliyinin hərtərəfli inkişafı, beynəlxalq aləmə inteqrasiyası və dünya birliyində fəal iştirakının təmin olunması üçün bütün imkanlardan istifadə etdi. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Möhtərəm Prezidentimizin təbirincə desək, biz gənclərə inanıriq, güvənirik.
Fəridə Xudiyeva
YAP Qazax rayon təşkilatının gənc partiya fəalı