Biz nəyin davasını edirik?

11.08.2026

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Keçmişi müzakirə etmək olar. Mübahisə etmək də olar. Ancaq keçmişə görə dava etmək... Burasını anlamdım.

Biz nə istəyirik?! Bu gedişlə hara gedirik?

Məsələn, biz tarixdə Şahı "diriltmək" istəyirik, yoxsa şahsevənliyi yaşatmaq istəyirik?!

Bəzi adamlar tarixə ilişir, bəziləri, ümumiyyətlə, tarixə ilişib qalıb. Biz tarixə fakt üzərindən, sırf xronoloji prinsipə sədaqətlə yanaşdığımız halda, yapon, yaxud alman tarixə fəlsəfə kimi baxdı.

Yəni bir tarixi faktı bilmək hələ heç nə demək deyil, əsas olan bu tarixi faktla nə edəcəyini bilməkdir.

Elə təəssürat yaranır ki, tarixlə bağlı indiki mübahisələr də bu günün reallığını unutdurmağa çalışır.

Doğrudanmı belədir, ya mənə belə gəlir?!

Elə keçmiş var, çoxdan keçib gedib, nə izi qalıb, nə tozu. Elə gələcək də var, yanından ötüb keçirik deyə çox tez boyatlaşıb keçmişə dönür.

Biz indinin və gələcəyin müzakirəsindən yayınmaq üçün çox vaxt keçmişin mübahisəsini eləyirik.

Biz keçmişin davasını döyərkən, keçmiş düşmən, qonşu ölkə Ermənistan öz ərazisində süni intellekt fabriki açır. Biz geriyə boylandığımız vaxt, başqaları irəliyə şığıyır. Biz tarix üstündə bir-birimizi qırarkən, arxa tarixlə xəyal qurarkən, Ermənistan xəyali tarixdən imtina edib, gələcəyin planlarını qurur.

Alman filosofu Georq Vilgelm Fridrix Hegel tarixi inkişafda olan proses kimi görürdü. Biz tarixə, sadəcə, şəxsiyyətlər, hadisələr kimi baxırıq. Hegel isə tarixə ideyalar kimi, proses kimi baxırdı. Ona görə də biz şəxsiyyətlərin, hadisələrin üstündə mübahisə edirik, ayıq cəmiyyətlər isə ideyaları - prosesi müzakirə edir.

Biz tarixə baş vururuqsa, ya tarixi həqiqətləri gizlətmək üçündür, ya da təhrif etmək üçün.

Biz tarixi bilirik, ya bilmirik - bunun özü də ayrıca söhbətin mövzusudur. Məsələ təkcə bunda deyil. Məsələ ondadır ki, biz tarixlə nə edəcəyimizi bilmirik. Tarixi öz həyatımızda hara qoyacağımızı bilmirik.

Budur problem.

Tarixi mübahisələrə o qədər vaxt və güc sərf edirik, axırda vaxtından əvvəl gücdən düşürük. İctimai impotensiya sindromu yaşayır toplum.

Budur məsələ.

Bu mübahisə Şah İsmayılı tərifləyib göylərə qaldırmaq və ya pisləyib yerə vurmaq deyil. Bu mübahisənin subliminal mesajları var. Biz özümüz də bilmədən bu impulsları yayırıq və cəmiyyətin arxa şüuruna oturtmağa çalışırıq.

Nədir bu mesajlar?!

Bölgələrimizdə "Şahsevən" adlı kəndlər var...

Bizimki tarixdəki şahı diriltmək deyil, indiki şahsevənliyi yaşatmaq və gələcəyə daşımaqdır.

Biz ifrat snabizm sindromundan əziyyət çəkirik; keçmişə vurğunluq, bəzən o həddə çatır ki, indiki zaman bir yana, gələcəyin özünə də durğunluq aşılayır.

Bu, bizə lazımdır?!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью