Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Seyid Camal ƏZİMBƏYLİ
Şərqşünas
Mədəniyyət küçədən, tərbiyə insanın özündən başlayır.
Niyə küçəyə tüpürürük? Niyə ictimai yerlərdə, yol kənarındakı kafe və çay evlərində yüksək səslə, bəzən də söyüşlə danışmağı özümüzə rəva görürük? Məgər bu, başqalarının rahatlığına, ictimai mədəniyyətə və insanlara hörmətsizlik deyilmi?
Niyə avtomobil idarə edərkən qarşı tərəfə yol vermək əvəzinə mübahisə edir, dava salır, hər kəsdən əvvəl özümüzü haqlı hesab edirik? Bir neçə saniyəlik səbir göstərmək bu qədərmi çətindir?
Axı küçə bizim ümumi evimizdir. İctimai məkanlar şəxsi mülkümüz deyil. Başqalarının rahatlığına hörmət etmək, danışığımızda, davranışımızda və münasibətlərimizdə ədəb nümayiş etdirmək hər birimizin mənəvi borcudur.
Biz tez-tez cəmiyyətin dəyişməsindən danışırıq. Bəs özümüz dəyişməyə hazırıqmı?
Bəlkə də bu mənzərə əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizə, milli əxlaqımıza, böyüyə hörmət, kiçiyə mərhəmət ənənələrimizə biganəliyin acı nəticəsidir. Ən ağrılısı isə budur ki, biz bəzən özümüzü müasir hesab edərkən, əslində bizi biz edən mənəvi köklərimizdən uzaqlaşırıq.
Unutmayaq ki, mədəniyyət geyimimizlə, vəzifəmizlə, tutduğumuz mövqe ilə deyil, ən çox da heç kimin bizi görmədiyi anlarda necə davranmağımızla ölçülür.
Təmiz küçə təmiz düşüncənin, nəzakətli davranış isə tərbiyəli insanın göstəricisidir.
Cəmiyyətin gözəlləşməsini istəyiriksə, ilk növbədə özümüzdən başlamalıyıq.
Sevgi və dualarımla!