Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Sabah” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Danimarkanın “Orhus” klubunun qonağı olacaq.
Qarşılaşmadan öncə Azərbaycan milli komandasının keçmiş qapıçısı Cahangir Həsənzadə “Futbolpress.az“a açıqlamasında “Sabah”ın cari forması və yeni mövsümə başlanğıcını dəyərləndirdi:
“İlk növbədə, “Sabah”ın inamlı şəkildə irəliləməsi çox ürəkaçandır. Keçirdikləri oyunlara nəzər salsaq, ardıcıl qələbələr qazanırlar və qapılarında az qol görürlər. Düşünürəm ki, komanda tədricən optimal formasına yaxınlaşır və öz oyununu tutmağa başlayır. Futbolçularımız bu qarşılaşmada həmişəki kimi tam diqqətli olmalıdırlar, çünki rəqib istənilən halda meydanda boşluqlara imkan verməyəcək. Yaranan qol vəziyyətlərindən səmərəli şəkildə istifadə etmək lazımdır, əks halda həm bu gün, həm də cavab matçında çətinliklə üzləşəcəyik”.
Mütəxəssis rəqib “Orhus”un oyun üslubuna diqqət çəkib:
“Rəqibin indiyədək qət etdiyi yola baxsaq, görərik ki, böyük hesabla məğlub olub, ardından oxşar şəkildə qələbə qazanan, penaltilər seriyasında taleyini öz xeyrinə həll edən bir kollektivdir. Ümumilikdə, meydanda olduqca dinamikdirlər və çox qol vururlar, hücum xəttində kifayət qədər keyfiyyətli oyun göstərirlər. Əminliklə demək olar ki, “Sabah”ın indiyədək qarşılaşdığı ən güclü komanda məhz “Orhus”dur”.
C. Həsənzadə yekunda “Sabah”ın mərhələ adlamaq şanslarını və komandadan olan gözləntiləri dilə gətirdi:
“Buna baxmayaraq, düşünürəm ki, “Sabah” bu rəqibin öhdəsindən gələ biləcək potensialdadır. Heyətləri zəif deyil, oyun üslubları da kifayət qədər yaxşıdır. İki matçın nəticəsində müdafiədə az səhvə yol verən və hücumda yaranan şansları daha dəqiq dəyərləndirən tərəf turu adlayacaq. Əvvəlki rəqiblərlə müqayisədə “Orhus” bir pillə üstündür, buna görə də ön xətt oyunçuları həmin epizodlardan maksimum yararlanmalıdırlar. Oyunçular nə qədər sərrast olsalar, işimiz bir o qədər rahatlaşacaq, çünki biz “Sabah”dan liqa mərhələsinə vəsiqə gözləyirik”.