Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünyada vətəndən, yurddan və el-obadan doğma, şirin şey yoxdur. Elə ki o doğma yurddan, o torpaqdan, o Vətəndən uzaq düşürsən, bax dodağın onda dörd yerdən çatlayır. Hara sığınsan da, hara getsən də isti ocağının, isti evinin yerini heç bir məkan verə bilmir. Bunu ən çox qərib ellərdə yaşayan, yurd-yuvasından didərgin düşən insanlar bilirlər. O insanlar bilirlər ki, Vətən həsrəti, yurd dərdi nə deməkdir. Və çox adam da bu həsrətə, bu dərdə dözə bilməyib ürəyi partlayır və dünyasını dəyişir.
Xankəndindən didərgin düşmüş insanlar da uzun müddət başqa bir məkanda yaşadılar. Yəni onlar qərib bir yerdə, qərib bir yurdda yuva qurdular. Bütün çətinliklərə, bütün sıxıntılara, bütün ağrı-acıya dözməyi bacardılar. Daha doğrusu, dərdə, kədərə üstün gəldilər. Və onlar göydə Allaha, yerdə də ölkə prezidentinə və Azərbaycan Ordusuna güvənirdilər ki, işğal altında olan torpaqlarımız nə vaxtsa azad olunacaq.
Bəli, işğal altında olan torpaqlarımızın böyük bir hissəsi İkinci Qarabağ savaşında 44 günlük döyüşdə erməni işğalçılarından azad edildi. Azad edilən Cəbrayıla, Füzuliyə, Hadruta, Zəngilana, Qubadlıya, Şuşaya Azərbaycan bayrağı sancıldı. Bir azdan sonra isə Laçın azad olundu, Kəlbəcər azad olundu və orada da Azərbaycan bayrağı sancıldı. Ermənilər noyabrın 10-da üçtərəfli Bəyannaməni qəbul edərək təslim aktı imzaladılar. Bütün bunlar onu göstərirdi ki, yaxın zaman kəsiyində işğal altında olan digər torpaqlarımız da yağı düşməndən geri alınacaq. Bu zaman da gəldi - 2023-cü il sentyabrın 19-20-də Xankəndi istiqamətində antiterror əməliyyatı aparıldı. Bu əməliyyat 23 saat 43 dəqiqə çəkdi. Və erməni hərbçiləri ağ bayraq qaldıraraq təslim oldular.
Bəli, bir neçə həftənin içində onlar Xankəndindən, Xocavənddən, Ağdərədən, Əsgərandan rədd olub getdilər. Azərbaycanın apardığı unikal əməliyyat zamanı ermənilərin bir mülki əhalisinin belə burnu qanamadı. Azad olunan həmin şəhərlərə, qəsəbələrə və kəndlərə Azərbaycan bayrağı sancıldı. Bu anları görmək, bu anlara tamaşa etmək çox böyük tarixi hadisə, yaddaqalan məqam idi. Bu sevinci bizə Ali Baş Komandan, prezident İlham Əliyev və Azərbaycan Ordusu, Azərbaycan əsgəri yaşatdı. Bu sevinci bizə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan, qazi olan, qalib olan igid oğullarımız bəxş elədi.
Və qısa müddətdə Xankəndində çox möhtəşəm quruculuq, abadlıq və yenidənqurma işləri həyata keçirildi. Cənab prezident özü dəfələrlə Xankəndində oldu və görülən işlərə nəzarət elədi. Və möhtəşəm Zəfər parkının, eləcə də yeni futbol stadionunun, bununla yanaşı dövlət idarələrinin açılışı oldu. Bir neçə aydan sonra Xankəndi öz milli memarlıq üslubuna uyğun olaraq inşa edilməyə başlandı.
Biz də bu yaxınlarda Xankəndiyə getmişdik. İnanın, şəhər o qədər səliqəli, o qədər gözəl idi ki, adam baxmaqla doymur. Bu gözəlliyi bizim xalq özü yaradıb. Çünki ermənilər Xankəndinin də müəyyən hissəsini dağıtmışdılar. Küçələrə baxıram, ən müasir üslubda yenidən qurulub. Bütün infrastrukturlar əla vəziyyətdədir, elə bil ki Bakıya oxşayır. Çoxlu sayda avtomobillər və insanlar gözə dəyir. Burda həm də bir səmimiyyət və sadəlik hiss olunur. Çünki insanlar tanıdı-tanımadı bir-biriylə salamlaşır. Yaxınlıqdakı evlərdən birinə baş çəkirik, heç tanımırıq bu evin sahibi kimdir, amma eşitmişik ki, bir aydır ora köçüblər. Sən demə, bu evin sahibi Qarabağ döyüşlərində iştirak etmiş Natiq Həsənovdur. O, Birinci Qarabağ döyüşlərində qəhrəmancasına vuruşub, hətta bədənində qəlpə yarası da var. Qapını döyürük, üzümüzə qapını açır. Deyir ki, elə bil şəhərimizə gələn qonaqlardansınız. Biz də deyirik ki, qonaq deyilik, bura bizim öz evlimiz-obamız, doğma Xankəndimizdir. Bizim qohumların çoxu burdakı Pedaqoji İnstitutu bitirib kənddə müəllim işləyirlər. Belə olan halda biz necə qonaq ola bilərik.
Natiq kişinin 72 yaşı var. Üzündən-gözündən nur yağır. Çox sevinclə bildirir ki, bu evi onlara bir müddətdir veriblər. Dörd otaqdan ibarətdir, hər cür də şəraiti var. Üstəlik də mənim özüm yaşlı adam olsam da burda işə düzəlmişəm. Ayda 500 manata yaxın əmək haqqı alıram. Oğlum Rəfael və Nəcəf isə yaxşı işə düzəlib, onların da çətinliyi yoxdur, əmək haqları da 1000 manatdan çoxdur. Şükür Allaha, dolanışığımız lap yaxşıdır. Buranın havası mənə çox düşür. Çünki astma xəstəsiyəm və Bakıda məskunlaşan zaman rütubətli yerdə yaşayırdıq, amma indi lap yaxşıyam. Xəstəlikdən bir şikayətim yoxdur, çünki udduğum hava, içdiyim su tərtəmizdir.
Bizimlə söhbətə qonşuları Aybəniz xanım da gəlir. O da əlində bir tort gətirir, yanında da iki qız nəvəsi var. Natiq kişiyə deyir ki, gördüm ki, qonağınız gəlib, dedim ki, bu tortdan dadsınlar, mağazadan almamışam ey, özüm bişirmişəm. Ən böyük arzum olub ki, Xankəndiyə qayıdım və burda ürəyim istədiyim şeyi bişirib-düşürüm. Biz əvvəllər Xankəndini yuxumuzda görərdik, amma indi cənab Prezidentin və əsgərlərimizin hesabına doğma şəhərimizdə yaşayırıq.
Əlbəttə bütün bunları deməkdə məqsədimiz ondan ibarətdir ki, bu gün Xankəndində hara gedirsən orda həyat qaynayır. Çünki şəhərə çoxlu sayda keçmiş Xankəndi sakinləri qayıdıb. Elə Zəfər parkında onların iyirmi-otuzu ilə çox səmimi söhbət elədik. Dedilər ki, şükürlər olsun ki, doğma evimizdəyik və bu gözəllikləri Allah bizə qismət edib. Sən demə, dünyanın ən gözəl yeri insanın öz vətəni imiş.
Zəfər parkında bir tanışımla da rastlaşdım. O da dedi ki, qohumumuz təzə evinə köçüb, biz də gəlmişik onu görməyə, o qədər sevinirəm. Zaur Səmədli dedi ki, müəllim, mənim özüm də burda iş tapmışam, Bakıya gedib qayıdandan sonra Xankəndində işləyəcəm, çünki mütəxəssis kimi mənə böyük ehtiyac var.
Bu gün Xankəndində həyat öz qaynar yolunu tapıb. Sanki Xankəndi Bakıya, Sumqayıta, Şəkiyə, Gəncəyə bənzəyir. Çünki o qədər insan var ki, adam baxdıqca ürəyi açılır. Ən çox da adamın ürəyi ona açılır ki, bu gün Xankəndinə yüzlərlə insan qayıdıb və öz ocağını yandırıb. Onlar bu qayıdışa görə bir ağızdan Cənab prezident İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə və qaliblərimizə minnətdarlıq edirlər!
Emil Faiqoğlu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.