Bizə ayrılıq deyil, birlik və bərabərlik yaraşır ƏRDOĞAN

09.11.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyənin sevincdə də, kədərdə də bir ürək olan, bütün çətinliklərə birlikdə sinə gərən iki qardaş dövlət olduğunu bildirib.

Lent.az xəbər verir ki, Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Türkiyə lideri Azərbaycan xalqını Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. O, ötən il Zəfər Gününün beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi paradda iştirak etdiyini xatırladıb.

Ərdoğan Şuşaya səfəri zamanı Azərbaycanla həmrəyliyi bir daha nümayiş etdirdiklərini və birlik mesajı verdiklərini vurğulayıb. Türkiyə ilə Azərbaycanın qırılmaz bağlarla bir-birinə bağlı iki qardaş ölkə olduğunu qeyd edən Prezident deyib:

“Bütün təxribatlara baxmayaraq, enerji, nəqliyyat və infrastruktur başda olmaqla bir çox strateji sahədə əməkdaşlığımızı nəhəng layihələrlə möhkəmləndirmişik”.

Türkiyə lideri iki ölkə arasında həmrəyliyin yeni addımlarla daha da gücləndirilməsinin hədəfləndiyini bildirib:

“Bütün bu məsələləri qardaşım İlhamla görüşdə müzakirə etdik. Onunla regionda baş verən son hadisələr barədə də danışdıq. Səfərim zamanı qardaşım İlhamın rəhbərliyi ilə Qarabağda həyata keçirilən inkişaf layihələrinin şəxsən şahidi oldum. Türkiyə olaraq Qarabağın azad edilməsinə dəstək verdiyimiz kimi, onun inkişafı üçün də əlimizdən gələn hər cür yardımı göstəririk. Türkiyə-Azərbaycan Beynəlxalq Meşəçilik Təlim Mərkəzinin və Tingçilik Kompleksinin Qarabağda yaradılmasından məmnunluq duyuruq. İnşallah, gələn il 40 sinif otağı, iki laboratoriyası və kitabxanası olan nümunəvi məktəbimizin də açılışını etməyi planlaşdırırıq.

Türkiyə və Azərbaycan olaraq biz sevincdə də, kədərdə də bir ürək, bir bilək olan, hər cür çətinliyə birlikdə sinə gərən iki qardaş dövlətik. Aramızdakı sevgiyə, həmrəyliyə və qardaşlığa Allahın izni ilə heç kim kölgə sala bilməz. Bugünkü səfərimizdə bu həqiqəti bir daha bütün dünyaya göstərdik.

Səfərimizin Türkiyə-Azərbaycan qardaşlığı və həmrəyliyi üçün xeyirli olmasını arzulayır, səmimi qonaqpərvərliyinə görə qardaşım İlhama bir daha təşəkkür edirəm”.

Ərdoğan Türkiyə ilə Azərbaycan münasibətləri ətrafında yayılan müxtəlif iddialara da münasibət bildirib. O qeyd edib ki, Qarabağdakı Zəfər Günü görüşündə “Bir millət, iki dövlət” anlayışı ilə hərəkət edən iki ölkənin həmrəyliyi bir daha nümayiş etdirilib.

“Qardaşım İlham Əliyevlə səmimi şəkildə qucaqlaşdıq, həsrətimizi aradan qaldırdıq. Türkiyə ilə Azərbaycan arasında ayrılıq axtaranlar əbəs yerə çalışırlar”, – deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti vurğulayıb ki, iki ölkə arasında tam həmrəylik, ortaq tale və qardaşlıq münasibətləri mövcuddur.

“Regionda və dünyada türkün güclü səsini birlikdə ucaldacaq, firavan gələcəyi birlikdə quracağıq. Aramıza məsafə qoymağa çalışanlar xalqlarımızın bir-birinə olan sevgisini, tarixi bağlarını və sarsılmaz iradəsini nəzərə almırlar. Türkiyə və Azərbaycan bundan sonra da regionun sülhü, sabitliyi və rifahı naminə çiyin-çiyinə irəliləməyə davam edəcək”, – deyə o bildirib.

“Qardaşlıq bağları ilə bir-birimizə sıx bağlıyıq”

Ərdoğan Türkiyə ilə Azərbaycanın birliyinin bəzi dairələri narahat etdiyini vurğulayıb. Onun sözlərinə görə, Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin birlikdə hərəkət edərkən nələrə nail ola bildiyini görmək üçün tarixə nəzər salmaq kifayətdir:

“Biz fərqli dövlətlərik. Fərqli institusional strukturlarımız var. Amma eyni zamanda qardaşlıq bağları ilə bir-birimizə sıx bağlıyıq. Bu bağlar bizi ayaqda saxlayan, güclü edən ən mühüm amildir”.

Ərdoğan bu qardaşlığın ortaq tarixin, mədəniyyətin və gələcək nəsillərə ötürüləcək böyük mirasın ən möhkəm təminatlarından biri olduğunu qeyd edib:

“Bizi bu birliyi zəiflətmədən sarsıda bilməyəcəklərini anlayanlar həmrəyliyimizi pozmağa çalışa bilərlər. Belə oyunlara qarşı xüsusilə diqqətli və ayıq olmalıyıq”.

Türkiyə Prezidenti dezinformasiyaya inanmamağın, bütün məsələlərdə birbaşa, səmimi və açıq ünsiyyət kanallarından istifadə etməyin vacibliyini vurğulayıb.

“Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə də bu məsələyə xüsusi diqqət çəkərək bildirdim ki, türk dünyasının ailə fotosunda ayrılığa, özgələşməyə və ixtilafa yer yoxdur. Hamımız birik, bərabərik, əzəldən əbədiyyətə qədər, inşallah, qardaşıq. Çünki bizə ayrılıq deyil, birlik və bərabərlik yaraşır”, – deyə Ərdoğan fikrini tamamlayıb.

Ərdoğanın açıqlamaları Türkiyə mediasında da dərc olunub. O, Azərbaycanla münasibətlərdə fikir ayrılığı yaratmağa çalışanlara qarşı birliyin qorunmasının vacibliyini vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью