Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi və Çin Xalq Respublikasının Sədri Si Tszinpinlə ikitərəfli görüşlər keçirib.
"AzPolitika" xəbər verir ki, Kremlin dərc etdiyi rəsmi stenoqramda Hindistan Baş nazirinin Putinlə söhbəti zamanı Ukraynadakı müharibəni dərhal dayandırmağa çağırması diqqət çəkib.
Modi Rusiya liderinə müraciət edərək açıq şəkildə bildirib: "Bizə müharibənin sonu lazımdır, sonsuz müharibə yox... Müharibənin davam etdiyi hər gün bəşəriyyəti bir addım geriyə atır, sülhə doğru atılan hər addım isə real ümid verir. Biz sonsuz müharibədən hərbi əməliyyatların dayandırılmasına keçməliyik. Hindistan Qandinin, Buddanın ölkəsidir və bizim mesajımız bütün problemləri dinc yolla həll etməkdir".
Putin isə Modinin bu çağırışına qısaca "Biz də məhz bu yolla hərəkət edirik"cavabını verib.
Rusiya Prezidentinin Çin Xalq Respublikasının Sədri Si Tszinpinlə görüşündə isə tərəflər iqtisadi əlaqələrin inkişafını vurğulayıblar. Si Tszinpin iki ölkə arasındakı münasibətlərin bünövrəsinin daha da möhkəmlənəcəyini bildirib.
Lakin Kremlin mətbuat katibi Dmitri Peskov qapalı qapılar arxasında keçirilən görüşdə Ukrayna mövzusunun yalnız "üstəlik" toxunulduğunu deyib. Mütəxəssislər görüşün əsas pərdəarxası mövzusunun "Sibirin gücü-2" qaz kəməri müqaviləsi olduğunu bildirirlər. Rusiya illərdir bu müqaviləni bağlamağa çalışsa da, Pekin qazın qiymətini Rusiya daxili bazarına yaxın - 1000 kubmetr üçün təxminən 50 dollar civarında almaq şərtini irəli sürür. Hazırda Çin Rusiya qazını 258 dollara alır ki, bu da "Qazprom"un digər müştərilərinə nisbətən 40 faiz ucuzdur.
Bişkekdə baş tutan ŞƏT sammitində Rusiya, Çin, Hindistan, Belarus və digər üzv dövlətlər daxil olmaqla ümumilikdə 13 ölkənin dövlət başçıları iştirak edir.
"AzPolitika.info"