Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bu il yubileyi olan məşhur filmlər sırasında “Bizim küçə”nin öz yeri var. Düz 65 il əvvəl – 1961-ci ildə çəkilmiş bu lirik-psixoloji dram ekranlara çıxdığı gündən böyük maraqla qarşılanıb.
“Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş “Bizim küçə” 84 dəqiqəlik tammetrajli kinolentində yazıçı-ssenarist İmran Qasımovla rejissor Əlisəttar Atakişiyev müharibədə itkin düşmüş bir qızın – Saranın acı taleyini ekrana gətiriblər. Filmdə davanın dinc insanların taleyinə təsiri göstərilir: yəni müharibə döyüşlərə qatılmayanları da “atəşə tutur”. Əsas rolları Rimma Məmmədova, Ətayə Əliyeva, Ağadadaş Qurbanov, Gündüz Abbasov və Giuli Çoxonelidze canlandırıblar. Filmin musiqisini Xəyyam Mirzəzadə bəstələyib.
Soyadının Gözəlova olmasına baxmayaraq, heç də gözəl günlər görməyən Saranın qürbətdə başına gələn olaylar, onun iztirab və həyəcanları, dözümü, anasının kədəri və ümidi təbii boyalarla əks etdirilir. Nəhayət, uzun axtarışlardan sonra xoş bir təsadüf nəticəsində qızın tapılıb anasına qovuşması film boyu maraqla izlənilir.
Filmdəki unudulmaz epizodlardan birində əfsanəvi partizan Mehdi Hüseynzadə görünür. Ondan 3 il əvvəl ssenarisini eyni adamın – İmran Qasımovun yazdığı “Uzaq sahillərdə” filminin baş qəhrəmanı Mehdi – Mixaylo (Nodar Şaşıqoğlu) Sara ilə rastlaşır. Daha əvvəl filmin başlanğıcında “Uzaq sahillərdə”dən də səhnələr verilir. Ardınca müharibədən xronikal sənədli film göstərilir. Orada almanların hücumu zamanı qızını itirmiş Bəyim xanım (Ətayə Əliyeva) özünü və balası Saranı görür. Dağıntılar altında qalan ana özünü əlində qızının tuflisi ilə tanıyır, Saranın isə alman əsgərlər tərəfindən aparıldığı göstərilir. Əsas hadisələr bundan sonra başlayır.
Beləliklə, kino qızının sağ olduğunu öyrənən Bəyim xanımın axtarışları ilə Saranın itkin düşəndən sonrakı həyatına fokuslanır. Film boyu onun əzablı həyat taleyindən və qopmuş yarpaq kimi bir budaqdan başqa budağa necə sovrulmasından bəhs edilir. Sonda isə hadisələr olduqca sevindirici şəkildə bitir.
“Bizim küçə”də sovet dövrü Bakısının təsviri, insanların səmimiliyi, bir-birilərinə daim dayaq olma motivi, ailə, dostluq kimi mövzular gözəl işlənib. Ana obrazlarının mahir ifaçısı olan Xalq artisti Ətayə Əliyeva “Onu bağışlamaq olarmı”dan sonra çəkildiyi “Bizim küçə”də Bəyim xanımın iztirablarını, ürək ağrılarını təbii və inandırıcı şəkildə ifadə edir. Ekranda, həqiqətən, dərdli, kədərli, qayğılı ananın olduğuna inanır, onun halına yanırsan. Ana sevinəndə sən də sevinirsən. Filmin sonunda Bəyim xanımı xoşbəxt görürük, axı, arzusuna çatıb, qızına qovuşub.
Çəkilişlərdən sonra Ətayə Əliyeva narahatlıq keçirirmiş ki, görəsən, tamaşaçılar filmi necə qarşılayacaqlar. Bəyənildiyini biləndə sevinib. Yazıçı Mehdi Hüseyn o vaxt “Kommunist” (indiki “Xalq qəzeti”) üçün yazdığı məqalədə filmdəki ana obrazını belə səciyyələndirmişdi: “Ətayə Əliyevanın ifasında ana surəti bütün filmin ən gözəl aktyor nailiyyətlərindən biri sayıla bilər”. Yazıçı Yusif Əzimzadə də filmə həsr etdiyi resenziyasında (“Ədəbiyyat və incəsənət”) əsərin ümumi uğuru ilə bərabər, Ətayə xanımın nailiyyətini də xüsusi qeyd edib.
Baş rolun ifaçısı – uzun müddət konservatoriyada rəqs müəllimi işləmiş dosent, Əməkdar incəsənət xadimi Rimma Məmmədova isə müsahibələrinin birində bu film barədə deyib: “Ona qədər “Molla Fəttahın sərgüzəştləri” və “Koroğlu” filmlərində oynamışdım. Buna baxmayaraq, təcrübəm az idi. Bəxtimdən, çox gözəl çəkiliş heyətinə düşdüm. Biz 2 aydan çox Qara dənizdə, Odessada gəmidə yaşadıq. Çəkiliş qrupu qayğıma yaxşı qalırdı. Amma 40 dərəcə soyuqda, şaxtada çəkilirdik. Çəkilişin çətinliyi bircə bu idi. Hətta o qədər soyuq idi ki, rejissor mənə canımı qızışdırmaq üçün mütləq bir badə araq içməyi təklif etdi. Dedim ki, içə bilmərəm və arağı götürüb əllərimə, qollarıma sürtdüm. Çəkilişlərimizin yekunlaşmasına baxmayaraq, filmin təsirindən uzun müddət çıxa bilmirdim...”.
“Bizim küçə” fenomen olaraq qalır. Hətta çox sonralar “Bizim küçənin oğlanları” adlı film çəkilib. Hazırda paytaxtın Yeni Yasamal hissəsində bir əraziyə də “Bizim küçə” adı verilməsi heç də təsadüfi deyil. Hər bir halda, milli kinomuzun bu “küçə”sindən keçəndə seyrçilər xoş xatirələrə dalırlar.
Ə.DOSTƏLİ
XQ