“Bizim üçün hər qarşılaşma finala bərabərdir”

06.09.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan I Liqasında 2026/27 mövsümünə start verilib. “Səbail” çempionatın açılış turunda debütant “Xankəndi” ilə 1:1 hesablı bərabərliklə ayrılıb.

Komandanın baş məşqçisi Elnur Abdullayev “Futbolpress.az“a açıqlamasında nəticəni şərh etdi:

– Çempionatın ilk turu idi və ağır oyun olacağını əvvəlcədən gözləyirdim. Mən I Liqanı yaxşı tanıyıram. Buradakı mübarizə nə Premyer Liqaya, nə də II Liqaya bənzəyir. Futbolçularım komandada yenidirlər, onlar bir-birlərinə tam uyğunlaşmayıblar və oyun sistemimizi hələ oturtmamışıq. Çempionluğa oynayan kollektivə qarşı rəqiblər hər zaman ikiqat motivasiya ilə çıxırlar, buna görə də bizim üçün hər qarşılaşma finala bərabərdir. Qarşıdakı matçlarda səhvlərimizi düzəldəcəyik. Hədəfimiz bəllidir, çempion olmaq istəyirik.

– Mövsüm başlamazdan əvvəl heyəti sıfırdan formalaşdırdığınızı bildirmişdiniz. Hazırkı durumdan razısınızmı, yoxsa transfer pəncərəsi bağlanana qədər heyətə yeni adlar cəlb ediləcək?

– Bəli, komandanı sıfırdan yığmışam və futbolçularım var gücləri ilə məşq edirlər. Yeni kollektiv olduğumuz üçün oyunçuların adaptasiya prosesinə ehtiyacı var. İnanıram ki, onlar qarşıdakı turlarda daha əzmkar və baxımlı oyun sərgiləyəcəklər. Hazırda heyətimizə daha iki futbolçunun qoşulması gözlənilir.

– Klubun Qubaya köçməsi ilə bağlı planlar müzakirə olunur. Bu cür struktur dəyişikliyi hazırlıq prosesinizə necə təsir edəcək?

– Əslində, bu məsələ hələ rəsmiləşmədiyi üçün nəsə demək tezdir, amma biz komanda olaraq hər şəraitdə işləməyə hazırıq. Əsas məqsədimiz mövsümü layiq olduğumuz nəticə ilə başa vurub yenidən Premyer Liqaya vəsiqə qazanmaqdır.

Ayxan Zayıdzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью