Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Sahibkarların biznesə başlaması və fəaliyyətlərini genişləndirməsi üçün maliyyə imkanlarına çıxış, dəstəkləyici dövlət siyasəti və infrastruktur mühüm rol oynayır. Bu amillər ölkələrdə sahibkarlıq mühitinin formalaşmasına təsir göstərir.
Araşdırma “Adobe” şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanan “Dealmaker Week” layihəsinin bir hissəsidir. Təhlildə Qlobal Sahibkarlıq Monitorunun (GEM) 2025/2026-cı illər üzrə hesabatının məlumatlarından istifadə olunub. Milli Sahibkarlıq Mühiti İndeksi (NECI) biznesə başlamaq və onu inkişaf etdirmək üçün şərait yaradan 13 amil üzrə milli ekspertlərin qiymətləndirmələrinin orta göstəricisini əks etdirir.
İlk 10-luqda Asiya ölkələri üstünlük təşkil edir
Ən yüksək nəticə göstərən 10 iqtisadiyyatın 7-si Asiyada və Yaxın Şərqdə yerləşir. Bunlar Birləşmiş Ərəb Əmirlikləri, Tayvan, Səudiyyə Ərəbistanı, Hindistan, Qətər, Bəhreyn və Cənubi Koreyadır.
Reytinqdə ikinci yeri 6,5 balla Tayvan, üçüncü yeri isə eyni nəticə ilə Səudiyyə Ərəbistanı tutur. Avropa ölkələri arasında ən yüksək göstəriciyə Litva nail olaraq dördüncü pillədə qərarlaşıb.
Nəticələr göstərir ki, Hindistanda sahibkarlıq mühiti dünyanın bir çox böyük iqtisadiyyatı ilə müqayisədə daha əlverişlidir. İştirakçı 53 iqtisadiyyatdan yalnız 16-sı 5 və daha yüksək bal toplayıb. GEM bu göstəricini sahibkarlıq üçün kifayət qədər dəstəkləyici mühitin mövcudluğunu göstərən hədd kimi qəbul edir.
Digər böyük iqtisadiyyatların mövqeyi
ABŞ 4,8 balla 20-ci yerdə qərarlaşıb. Bu ölkə Kanada (5,2 bal) və Fransadan (5,0 bal) geri qalır. İştirakçı iqtisadiyyatlar arasında ən aşağı nəticələr Venesuela və Anqolaya məxsusdur. Onların göstəriciləri müvafiq olaraq 3,2 və 3,0 bal təşkil edib.
2025-ci il üzrə sahibkarlıq mühiti reytinqində ilk 10 ölkə:
Birləşmiş Ərəb Əmirlikləri - 7,0 bal
Tayvan - 6,5 bal
Səudiyyə Ərəbistanı - 6,5 bal
Litva - 6,4 bal
Hindistan - 6,2 bal
Qətər - 6,0 bal
Bəhreyn - 6,0 bal
Cənubi Koreya - 5,9 bal
İsveçrə - 5,7 bal
Finlandiya - 5,7 bal
Qeyd: Göstəricilər 10 ballıq şkala üzrə hesablanıb. Eyni yuvarlaqlaşdırılmış nəticə göstərən ölkələrin reytinq sırası mütləq eyni deyil.
Ümumilikdə, ölkələrin göstəriciləri Anqolada 3,0 baldan Birləşmiş Ərəb Əmirliklərində 7,0 baladək dəyişir. Dörd ballıq fərq sahibkarların fəaliyyətə başlaması və bizneslərini inkişaf etdirməsi üçün ölkələr üzrə şəraitin nə qədər fərqli olduğunu göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!