Biznesə yeni dövlət dəstəyi mexanizmi

22.09.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

İqtisadiyyat nazirinin müavini Anar Axundov Goranboy şəhərində Gəncə-Daşkəsən iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüşüb. Sahibkarlar yaradılmış əlverişli biznes mühitindən səmərəli şəkildə yararlanmağa, yeni təşəbbüslərini reallaşdırmağa dəvət olunublar.

Diqqətə çatdırılıb ki, bu iqtisadi rayonun mövcud iqtisadi potensialından daha optimal istifadə edilməsi, xüsusilə kənd təsərrüfatı məhsulları və sənaye istehsalının, həmçinin xidmət sahələrinin genişləndirilməsi, əlavə dəyər yaradan və ixracyönümlü istehsal xətlərinin formalaşdırılması regionun iqtisadi inkişafına mühüm töhfə verə bilər. Görüşdə sahibkarlar üçün biznesə yeni dövlət dəstəyi mexanizmlərinin tətbiqi və genişləndirilməsi, həmçinin sənaye və investisiya layihələrinin təşviqi imkanları ilə bağlı təqdimat da keçirilib.

Bildirilib ki, ixracda daşıma xərclərinin kompensasiyası üzrə Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı çəkilən daşıma xərclərinin 70 faizədək hissəsini dövlət qarşılayır. Sahibkarlara ödənilən dəstəyin məbləği ixracda istifadə olunacaq nəqliyyatın növünə görə nəqliyyat xərci və gömrük dəyəri əsasında müəyyən edilir. Yeni mexanizm bu il sentyabrın 1-dən etibarən 10 il müddətində tətbiq olunacaq.

Mexanizm yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına, logistika xərclərinin azaldılmasına, ixrac coğrafiyasının genişləndirilməsinə xidmət edir. Dəstəkdən mikro, kiçik və orta sahibkarlıq subyektləri olan ixracatçılar yararlana bilərlər. Bu il sentyabrın 1-dən tətbiq olunan mexanizm 5 il müddətində qüvvədə olacaq.

Qeyd edilib ki, kreditlərə təminat və faiz subsidiyası mexanizminin təkmilləşdirilməsi üzrə sahibkarların maliyyələşmə imkanlarını artırmaq, xüsusilə investisiya layihələrinin həyata keçirilməsi prosesini asanlaşdırmaq məqsədilə zəmanət və faiz subsidiyası mexanizmi təkmilləşdirilib. Bu mexanizmə əsasən sahibkarlara kredit faizlərinin 50 faizi həcmində subsidiya verilir. Subsidiyanın tətbiqi Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər ərazilərini əhatə edir.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə verilən kreditlərin əsas borcunun 90 faizədək, digər regionlarda isə (Bakı və Abşeron istisna olmaqla) 50 faizədək hissəsinə dövlət zəmanəti təqdim olunur. Yeni dəstək mexanizmi regionlarda investisiya fəallığının artmasına, sahibkarların maliyyə yükünün azalmasına və qeyri-neft-qaz sektorunun inkişafına əlavə stimul verir.

Sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulması mexanizmi üzrə 2027-2030-cu illərdə tətbiq olunacaq mexanizmə əsasən yeni sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulması zamanı sahibkarın ödədiyi qoşulma haqqının 50 faizi dövlət tərəfindən qarşılanacaq.

Strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrası üzrə Strateji investisiya layihələrinin daha operativ reallaşdırılması və qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə yaradılmış Komissiya tərəfindən iri layihələrin vahid pəncərə prinsipi ilə sürətləndirilmiş qaydada icrası təmin ediləcək. Yeni yanaşmanın layihələrin icra müddətini təxminən 30-40 faiz qısaltması gözlənilir.

Görüşdə biznes nümayəndələrinin təklif və təşəbbüsləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью