Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Fevralın 2-də Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun geniş tərkibli növbəti iclası keçirilib.
Bu barədə XQ-yə nazirlikdən məlumat verilib. Bildirilib ki, görüşdə Ədliyyə və İqtisadiyyat nazirliklərinin, eləcə də Mərkəzi Bankın əməkdaşları, aparıcı hüquq və konsaltinq şirkətlərinin nümayəndələri, İşçi qrupun digər üzvləri, habelə beynəlxalq ekspertlər iştirak ediblər.
Görüşü açıq elan edən İşçi qrupun rəhbəri, ədliyyə nazirinin müavini Abiddin Hüseynov Almaniyadan cəlb olunan müflisləşmə üzrə beynəlxalq ekspertləri - Prof. Dr. Stephan Madaus və Dr. Abbas Abbasovu iclas iştirakçılarına təqdim edib.
Beynəlxalq ekspertlər sağlamlaşdırma və müflisləşmə sahəsində qabaqcıl beynəlxalq yanaşmalar, onların tətbiqi imkanları, bu sahədə mövcud olan problemlər və digər məsələlər barədə məlumat veriblər.
Həmçinin görüş zamanı tematik qrup tərəfindən hazırlanan “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsi üzrə beynəlxalq ekspertlərin tövsiyələri dinlənilib.
Eyni zamanda, görüşdə iclas iştirakçılarının bu sahə ilə bağlı maraq doğuran sualları beynəlxalq ekspertlər tərəfindən cavablandırılıb.
Nurəngiz Adilqızı
XQ