Black Friday haqqında maraqlı faktlar

25.11.2026

Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Black Friday bu gün dünyanın müxtəlif ölkələrində milyonlarla insanı alış-verişə cəlb edən böyük endirim kampaniyasına çevrilib. Hər il noyabr ayının dördüncü cümə günü başlayan kampaniyalar həftəsonu boyunca davam edir. Mağazaların qarşısındakı uzun növbələr, internet saytlarında yaranan sıxlıq və rekord satış göstəriciləri bu dövrün xarakterik mənzərəsidir.

Bəs Black Friday adının 1800-cü illərdəki birja böhranı ilə əlaqəli olduğunu, yaxud bu günlərdə santexniklərin niyə daha çox işlədiyini bilirdinizmi? Bu alış-veriş ənənəsinin arxasında çoxsaylı maraqlı faktlar dayanır.

Black Friday haqqında 9 maraqlı fakt

1. Black Friday ABŞ-də Şükranlıq Gününün tarixinin dəyişməsinə səbəb olub

ABŞ-də Şükranlıq Günü 1863-cü ildən noyabrın sonuncu cümə axşamı qeyd edilirdi. 1939-cu ildə bu tarix noyabrın 30-na düşdüyündən Milad bayramına qədər olan alış-veriş müddəti qısaldı. Pərakəndə satış şirkətlərinin narahatlığını nəzərə alan prezident Franklin Ruzvelt bayramı bir həftə əvvələ keçirdi. Bu qərar mübahisələrə səbəb olsa da, 1941-ci ildə Konqres Şükranlıq Gününün noyabrın dördüncü cümə axşamı qeyd edilməsini qanunla təsdiqlədi.

2. Black Friday əvəzinə Big Friday adının istifadə edilməsi təklif olunub

“Black Friday” ifadəsi ilk dəfə ABŞ-nin Filadelfiya şəhərində yayılıb. 1950-ci illərdə polis əməkdaşları Şükranlıq Günündən sonrakı gün şəhərdə yaranan sıxlığı və tıxacları bu adla təsvir edirdilər. Pərakəndə satış nümayəndələri isə ifadənin mənfi səslənməsindən narazı qalaraq 1961-ci ildə “Big Friday” adını yaymağa çalışıblar. Lakin bu təşəbbüs uğursuz olub.

3. Black Friday 2001-ci ilə qədər ilin ən böyük alış-veriş günü olmayıb

ABŞ-də uzun illər ərzində ən sıx alış-veriş günü Miladdan əvvəlki son şənbə hesab olunurdu. Hədiyyə alışını son günlərə saxlayan insanlar həmin gün mağazalara axın edirdilər. Black Friday isə yalnız sonrakı illərdə ilin ən böyük alış-veriş tədbirlərindən birinə çevrildi.

4. “Qara cümə” adı 1869-cu ildəki qızıl bazarı böhranı ilə də əlaqələndirilir

1869-cu il sentyabrın 24-də investorlar Cey Quld və Ceyms Fisk ABŞ-ın qızıl bazarına nəzarət edərək qiymətləri artırmağa çalışıblar. Hökumət bu cəhdin qarşısını almaq üçün bazara 4 milyon dollarlıq qızıl çıxarıb. Nəticədə qiymətlər kəskin düşüb, investorlar böyük itkilərlə üzləşib və bəzi broker şirkətləri müflis olub. Həmin gün tarixə “Qara cümə” kimi düşüb.

5. Meksikada bu kampaniya “El Buen Fin” adlanır

Meksikada Black Friday-ə bənzər alış-veriş kampaniyası “El Buen Fin”, yəni “Yaxşı həftəsonu” adlanır. İlk dəfə 2011-ci ildə keçirilən tədbir Meksika İnqilabının ildönümü ilə eyni dövrə təsadüf edir. Bu müddətdə mağazalar müxtəlif endirimlər təqdim edir.

6. 2011-ci ildə ABŞ-də alış-veriş ənənəsi dəyişib

Walmart kimi böyük pərakəndə satış şəbəkələri 2011-ci ildə endirimlərə Şükranlıq Gününün axşamından başlamağa başlayıb. Beləliklə, əvvəllər cümə səhəri başlayan alış-veriş kampaniyaları bir gün əvvələ keçib. Sonrakı illərdə bu təcrübə digər mağazalar arasında da geniş yayılıb.

7. Black Friday alıcılarının 12 faizi sərxoş halda alış-veriş edir

ABŞ-da aparılan araşdırmalardan birinə görə, Black Friday dövründə alıcıların 12 faizi əvvəlcə spirtli içki qəbul edir, daha sonra alış-verişə başlayır. Bu göstərici endirim kampaniyalarının bəzi istehlakçılar üçün nə qədər cəlbedici olduğunu göstərir.

8. Black Friday zamanı ən çox işləyən peşələrdən biri santexniklərdir

Şükranlıq Günü süfrələrindən sonra mətbəxə tökülən yağ və yemək qalıqları kanalizasiya xətlərinin tutulmasına səbəb olur. Santexnik xidmətləri göstərən Roto-Rooter şirkətinin məlumatına görə, Black Friday günü müraciətlərin sayı adi cümə günləri ilə müqayisədə 47-50 faiz artır.

9. Black Friday artıq dünyanın bir çox ölkəsində keçirilir

ABŞ-dən kənarda bu ənənə ilk dəfə 2009-cu ildə Kanadada yayılmağa başlayıb. Amerikalı pərakəndə satış şirkətləri kanadalı alıcıların alış-veriş üçün ABŞ-a getməsinin qarşısını almaq məqsədilə yerli kampaniyalar təşkil ediblər. Sonrakı illərdə ənənə Böyük Britaniya, Avstraliya, Braziliya, Fransa və Hindistan kimi ölkələrə də yayılıb. Bu gün Türkiyədə də bir çox mağaza və onlayn satış platforması noyabr ayında Black Friday endirimləri keçirir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью