Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Noyabrın son cüməsi dünya üzrə böyük alış-veriş kampaniyalarının keçirildiyi "Qara Cümə" (Black Friday) günü kimi tanınır. Bu il həmin gün noyabrın 27-nə təsadüf edir.
BAKU.WS xəbər verir ki, Azərbaycanda da mağazalar artıq müxtəlif kampaniyalar elan edərək məhsullara 80 faizə qədər endirim vəd edirlər.
Lakin bu cür təkliflərin hamısı real qiymət azalması demək deyil. Bəzi hallarda məhsulların dəyəri kampaniyadan əvvəl artırılır, daha sonra isə endirim adı ilə əvvəlki qiymətə və ya ona yaxın məbləğə satılır.
"Qara Cümə" dünyada böyük alış-veriş yarışına çevrilib
"Qara Cümə" ənənəsi ABŞ-də Şükranlıq Günündən sonrakı cümə günü ilə əlaqələndirilir. İlk dəfə 1960-cı illərdə istifadə olunmağa başlayan bu anlayış sonradan dünyanın müxtəlif ölkələrində geniş yayılıb.
2026-cı ildə Türkiyədə kampaniyaların noyabrın 27-də, Rusiyada isə noyabrın 27-29-da keçirilməsi nəzərdə tutulur. Bəzi ölkələrdə isə endirimlər artıq bir neçə həftə deyil, aylarla davam edir. Məsələn, Rumıniyada 250-dən çox mağaza bu il oktyabrın 19-dan dekabrın 7-dək müxtəlif kampaniyalar təşkil edir.
ABŞ-də "Qara Cümə" alış-verişinin həcmi də ildən-ilə artır. Adobe şirkətinin məlumatına görə, amerikalılar 2025-ci ildə həmin gün onlayn alış-verişə 11,8 milyard dollar xərcləyiblər. Bu, 2024-cü ilin göstəricisindən 9,1 faiz çoxdur.
2026-cı il üçün proqnozlar isə daha yüksəkdir. Gözləntilərə əsasən, onlayn satışların həcmi 12,9 milyard dollara çata bilər. Bain şirkəti də "Qara Cümə"dən Kiber Bazar ertəsinədək ABŞ-da pərakəndə satışların 85 milyard dolları ötəcəyini proqnozlaşdırır.
Bununla yanaşı, istehlakçıların xərcləmə davranışında ehtiyatlılıq müşahidə olunur. Bain-in araşdırmasında iştirak edənlərin yarıdan çoxu bahalaşma səbəbindən bayram alış-verişi ilə bağlı planlarını dəyişməyi düşündüklərini bildiriblər.
Endirim adı altında qiymət manipulyasiyası
"Qara Cümə" kampaniyalarının əsas mübahisəli tərəfi elan olunan güzəştlərin nə qədərinin həqiqətən real olmasıdır. Müxtəlif ölkələrdə aparılan araşdırmalar göstərir ki, bəzi mağazalar endirim faizini daha cəlbedici göstərmək üçün əvvəlki qiymətlərlə manipulyasiya edirlər.
ABŞ-də "KnownHost" şirkətinin araşdırması zamanı 65 texnologiya məhsulunun qiyməti izlənilib. Nəticələrə əsasən, məhsulların yalnız 42 faizində kampaniyadan əvvəl qiymət sabit qalıb və sonradan real ucuzlaşma qeydə alınıb. Məhsulların 29 faizində isə "Qara Cümə"dən əvvəl qiymət orta hesabla 20,5 faiz artırılıb, daha sonra endirim elan edilib.
Avropada 2 786 texnologiya məhsulu üzrə aparılan yoxlama da oxşar mənzərəni ortaya qoyub. Araşdırılan məhsulların 75 faizində endirim zamanı müqayisə üçün göstərilən əvvəlki qiymətin kampaniyadan qabaq müntəzəm tətbiq edilmədiyi müəyyənləşdirilib.
Yeni Zelandiyada PriceSpy platformasının araşdırmasına görə, ötənilki "Qara Cümə" kampaniyasında məhsulların 15 faizində saxta endirim halları aşkarlanıb. Bəzi təkliflərdə 50 faiz ucuzlaşma göstərilsə də, məhsulun son 30 gündəki qiyməti ilə müqayisədə real endirim cəmi 20 faiz olub.
Ölkələr saxta endirimlərə qarşı hansı tədbirləri görür?
Bir sıra ölkələrdə istehlakçıların aldadılmasının qarşısını almaq üçün qiymət siyasətinə dair xüsusi tələblər mövcuddur.
Avropa İttifaqı ölkələrində satıcı endirim elan edərkən məhsulun əvvəlki 30 gün ərzində tətbiq edilmiş ən aşağı qiymətini əsas götürməlidir. Bu qayda süni qiymət artımından sonra böyük endirim görüntüsü yaradılmasının qarşısını almağa xidmət edir.
ABŞ-də də satıcılar məhsulun əvvəlki qiymətini əsaslandıra bilməlidirlər. Türkiyənin Ticarət Nazirliyi isə xüsusilə noyabr kampaniyaları zamanı istehlakçılara aldadıcı endirim təkliflərinə qarşı diqqətli olmağı tövsiyə edir.
Azərbaycanda mağazalar hansı kampaniyaları təklif edir?
Azərbaycanda "Qara Cümə" əsasən elektronika və məişət texnikası mağazalarının, onlayn satış platformalarının, geyim mağazaları, marketlər və bankların kampaniyaları ilə müşayiət olunur. Müxtəlif şirkətlər bu dövr üçün "Şok Cümə", "Möhtəşəm Cümə" və "Əfsanəvi Cümə" kimi fərqli adlardan istifadə edirlər.
Lakin Azərbaycanda alıcıların qarşılaşdığı əsas çətinliklərdən biri məhsulların əvvəlki qiymətlərini müqayisə etmək imkanlarının məhdud olmasıdır. Elektronika mağazalarının əksəriyyətində məhsulların qiymət tarixçəsi açıq şəkildə göstərilmir.
Saxta endirimə görə hansı cəza nəzərdə tutulur?
Azərbaycanda istehlakçıya qiymət barədə yanlış məlumat verilməsi və onun aldadılması qanunvericiliklə qadağan olunur. Belə hallara görə inzibati məsuliyyət nəzərdə tutulur. Cərimələrin məbləği fiziki şəxslər üçün 500 manata, vəzifəli şəxslər üçün 2 000 manata, hüquqi şəxslər üçün isə 6 000 manata qədər çata bilər.
İstehlakçı hüquqları pozulduqda alıcı qanunvericilikdə nəzərdə tutulan qaydada malın dəyişdirilməsini, qiymətinin azaldılmasını, qüsurların aradan qaldırılmasını və ya ödənilmiş pulun geri qaytarılmasını tələb edə bilər.
"Qara Cümə"nin alıcılar üçün üstünlükləri və riskləri
Bu kampaniyaların müsbət tərəfi ondan ibarətdir ki, əvvəlcədən ehtiyaclarını müəyyənləşdirən və qiymətləri izləyən şəxslər bəzi məhsulları daha münasib qiymətə əldə edə bilirlər.
Xüsusilə əvvəlki model elektronika və məişət texnikasının satışı zamanı real qiymət endirimlərinə rast gəlmək mümkündür. Mağazalar anbar ehtiyatlarını azaltmaq, yeni modellərə yer açmaq və ilin sonuna qədər satış dövriyyəsini artırmaq üçün kampaniyalara üstünlük verirlər. Alıcılar da bu fürsətdən istifadə edərək Yeni il hədiyyələrini daha münasib qiymətə əldə edə bilərlər.
Bununla belə, kampaniyaların bir sıra riskləri də var:
- Süni qiymət artımı: Məhsulun qiyməti əvvəlcədən qaldırılır, sonra yüksək endirim faizi göstərilir.
- Lazımsız xərclər: "Yalnız bu gün" və "son fürsət" kimi reklam ifadələri insanları ehtiyac duymadıqları məhsulları almağa sövq edir.
- Kredit borcları: Faizsiz kredit və hissə-hissə ödəniş imkanları əlavə maliyyə öhdəlikləri yarada bilər. Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 2026-cı ilin ilk yarısında 25 faiz artıb.
- Onlayn dələduzluq: Endirim mövsümündə saxta internet mağazaları və sosial şəbəkələrdə aldadıcı elanlarla qarşılaşmaq riski artır.
- Kiçik biznesə təsir: İstehlakçıların alış-verişi xüsusi endirim günlərinə saxlaması digər dövrlərdə kiçik mağazaların satışlarına mənfi təsir göstərə bilər.
"Qara Cümə"də aldanmamaq üçün nə etmək lazımdır?
Mütəxəssislərin tövsiyələrinə əsasən, böyük endirimlərə aldanmamaq üçün alış-verişdən əvvəl bir neçə məqama diqqət yetirmək vacibdir:
1. Alış-veriş siyahısı hazırlayın. Əvvəlcədən hansı məhsullara ehtiyacınız olduğunu və nə qədər pul xərcləyə biləcəyinizi müəyyənləşdirin.
2. Məhsulun əvvəlki qiymətini yoxlayın. Kampaniyadan əvvəl məhsulun qiymətini qeyd edin və ya ekran görüntüsünü saxlayın. Daha sonra elan olunan qiymətlə müqayisə aparın.
3. Bir neçə mağazanın təklifini müqayisə edin. Yüksək endirim faizi hər zaman ən sərfəli təklif demək deyil. Əsas diqqəti məhsulun yekun satış qiymətinə yönəldin.
4. Kredit şərtlərini diqqətlə oxuyun. Faizsiz kredit təkliflərində komissiya, əlavə xidmət haqqı və gecikmə cərimələrinin olub-olmadığını dəqiqləşdirin.
5. Satıcının etibarlılığına əmin olun. Sosial şəbəkələrdəki şübhəli elanlar əvəzinə mağazaların rəsmi internet səhifələrindən və satış məntəqələrindən istifadə edin.
6. Çek və zəmanət sənədlərini saxlayın. Sonradan hər hansı problem yaranarsa, bu sənədlər hüquqlarınızı müdafiə etmək üçün vacib ola bilər.
Orxan Hüseyn