Bloomberg: Putin son addıma hazırlaşır

26.08.2026

Icma.az, Azpost saytına istinadən bildirir.

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülh danışıqlarının dalana dirəndiyini hesab edir və hərbi əməliyyatların daha da genişlənməsinə hazırlaşır.

Bu barədə Bloomberg agentliyi Kremlə yaxın mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, yaxın vaxtlarda Rusiya Kiyevə, o cümlədən şəhərin mərkəzinə ballistik raket zərbələrini gücləndirməyi planlaşdırır. Ukraynanın digər şəhərlərində yerləşən infrastruktur obyektlərinin də hədəfə alınması nəzərdə tutulur.

Agentliyin həmsöhbətləri bildiriblər ki, təxminən bir il yarımdır ABŞ Prezidenti Donald Trampın administrasiyasının vasitəçiliyi ilə aparılan danışıqlar faktiki olaraq nəticəsiz qalıb. Onların fikrincə, tərəflər danışıqların başlanğıcında olduqları mövqelərdən ciddi şəkildə uzaqlaşmayıblar.

Bloomberg yazır ki, Ukraynanın Rusiya ərazisində neft emalı zavodlarına, limanlara və logistika mərkəzlərinə zərbələri Moskvada NATO-nun dəstəyi ilə həyata keçirilən hücumlar kimi qiymətləndirilir. Bu mövqe NATO ölkələrinin Ukraynaya silah və kəşfiyyat məlumatları verməsi ilə əsaslandırılır.

“Müharibənin eskalasiyası hələ pik həddə çatmayıb”

Kremlə yaxın mənbələrin sözlərinə görə, iqtisadi təzyiqlərə, yanacaq böhranına və logistika obyektlərinə zərbələrə baxmayaraq, Putin müharibəni başa çatdırmaq niyyətində deyil.

Onlar bildirirlər ki, hazırkı qarşılıqlı hücumlar mərhələsi hərbi eskalasiyanın hələ ən yüksək nöqtəsi deyil.

Bloomberg-in məlumatına görə, Rusiya hakimiyyətində getdikcə daha çox şəxs belə qənaətə gəlir ki, Putin son vasitə kimi Ukraynaya qarşı taktiki nüvə silahından istifadə edə bilər.

Mənbələr bildiriblər ki, xüsusilə hərbi əməliyyatların daha da sərtləşdirilməsini tələb edən dairələrin nüvə silahından istifadə ilə bağlı çağırışları son vaxtlar daha çox səslənir. Onların fikrincə, Putin üçün müharibədə məğlubiyyət qəbuledilməz ssenaridir.

Moskvada diplomatiyaya inam azalır

Kremlə yaxın dörd mənbə bildirib ki, Ukrayna ilə bağlı diplomatik prosesin faktiki dayanması Moskvaya eskalasiyadan başqa çox az alternativ saxlayır.

Bununla belə, Kreml ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin Moskvaya yeni təkliflərlə gələ biləcəyinə ümid edir. Ancaq mənbələr mümkün diplomatik irəliləyişlə bağlı gözləntilərin çox aşağı olduğunu vurğulayıblar.

Çin Putinə xəbərdarlıq edib

Bloomberg qeyd edir ki, hazırda Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığını göstərən konkret əlamətlər yoxdur.

Bundan başqa, Rusiyanın əsas tərəfdaşları, o cümlədən Çin nüvə silahından istifadə ehtimalına qarşı çıxır. Pekinin Kremlə belə bir addımın atılmaması ilə bağlı sərt xəbərdarlıq etdiyi bildirilir.

ABŞ-ın keçmiş prezidentləri ilə işləyən və hazırda Brookings Institution-un baş elmi əməkdaşı olan Fiona Hill isə xatırladıb ki, Co Bayden administrasiyası dövründə Vaşinqton Putinə nüvə zərbəsinin nəticələri barədə xəbərdarlıq etmişdi.

Hill-in sözlərinə görə, həmin vaxt ABŞ Rusiyanın nüvə silahından istifadə etməsinə cavab olaraq Rusiya hərbi qüvvələrinə qarşı konvensional zərbə endirə biləcəyini Moskvanın diqqətinə çatdırmışdı.

“Nüvə silahından istifadə riski son dərəcə aşağıdır”

Bununla yanaşı, Berlin Karnegi Rusiya və Avrasiya Mərkəzinin direktoru Aleksandr Qabuyev Putinin taktiki nüvə silahından istifadə ehtimalını “son dərəcə aşağı” qiymətləndirir.

Onun fikrincə, müasir döyüş şəraitində taktiki nüvə zərbəsinin hərbi effektivliyi məhdud ola bilər. Bunun əvəzində Rusiyanın beynəlxalq aləmdə ödəyəcəyi siyasi qiymət, yəni nüvə tabusunun pozulmasının nəticələri olduqca ağır olacaq.

Qabuyev hesab edir ki, Moskvanın adi silahlarla, o cümlədən raket hücumlarını genişləndirməklə eskalasiya imkanları hələ tükənməyib. Bu səbəbdən Kremlin nüvə həddini keçməsi üçün hazırda ciddi əsaslar azdır.

N.Talıblı

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью