Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
"Blue Residence" yaşayış kompleksində bir neçə mənzildə su sızması nəticəsində sakinlərə maddi ziyan dəyib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı sakinlər "Bakupost"a şikayət edib.
Vətəndaşların sözlərinə görə, may ayından etibarən kompleksin rəhbərliyinə quraşdırılan pəncərələrin yağış zamanı su buraxması ilə bağlı dəfələrlə məlumat verilib. Lakin 6 aydır problem həll olunmayıb.
Sakinlərdən biri bildirib ki, ötən gecə yağan güclü yağış zamanı pəncərələrdən yenidən mənzilə su sızıb. Nəticədə parket və divar kağızları zədələnib.
"Yağış suları zəhmətlə qazandığımız pulla aldığımız parketin üzərinə axır və nəticədə parket şişir. Bundan başqa, yuxarı mərtəbədəki qonşunun mənzilindən tavana su sızıb, divar kağızlarımız zədələnib. Amma rəhbərlik hər ay ümumi qrupda yalnız bir məsələ haqqında yazır: "Kommunal ödənişləri vaxtında ödəyin!" Bəs bizim hüquqlarımız necə olsun? Biz ödənişlərimizi vaxtında edirik, ancaq siz 6 aydır öz öhdəliklərinizi yerinə yetirmirsiniz. Biz mənzili su içində yaşamaq üçün almamışıq!", - deyə narazı vətəndaş qeyd edib.
Məsələ ilə bağlı "Blue Residence"in komendantı bildirib ki, bəzi mənzillərdə su sızması halları qeydə alınıb və problemin aradan qaldırılması üçün təxminən iki aydır təmir işləri aparılır:
"Bu, bir-iki günün işi deyil, uzun prosesdir. Təmir işləri daha iki ay da davam edə bilər. Bəzən hava şəraiti də buna imkan vermir. Küləkli və yağışlı havalarda işləri fasiləsiz davam etdirmək mümkün olmur. Buna görə də proses istər-istəməz ləngiyir".