Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 31 yanvar, AZƏRTAC
Fevralın 6-da İtaliyada Qış Olimpiya Oyunları başlayacaq. BMT Baş Assambleyasının sədri Annalena Berbok bütün döyüşən tərəfləri qədim olimpiya atəşkəsi prinsipinə uyğun olaraq idman yarışları dövründə “atəşin qarşılıqlı dayandırılması” barədə razılığa gəlməyə çağırıb.
Bu barədə AZƏRTAC BMT Xəbərlərinə istinadla bildirir.
“Оlimpiya atəşkəsi sübut edir ki, hətta fikir ayrılıqları dövründə belə, bəşəriyyət idman vasitəsilə hələ də ortaq dil tapa bilər. Mən hazırda dünyada davam edən silahlı münaqişələrdə iştirak edən bütün tərəfləri qətiyyət göstərməyə və olimpiya atəşkəsi müddətində həqiqi qarşılıqlı razılığa gəlməyə çağırıram”, – deyə Berbok bildirib.
O, qədim yunan ekexeyriya ənənəsini xatırladaraq, bunun “olimpiya atəşkəsi” kimi tərcümə olunduğunu və “Olimpiya Oyunlarının müqəddəs prinsipi” adlandırıldığını qeyd edib. Almaniyanın keçmiş xarici işlər naziri ölkələri bu gündən Qış Olimpiya və Paralimpiya Oyunlarının başa çatmasından yeddi gün sonrakı tarixədək atəşkəsə əməl etməyə çağıran Baş Assambleya qətnaməsinə istinad edib.
“Dostluq rəqabəti sayəsində biz fikir ayrılıqlarını aradan qaldıra bilərik”, – deyə Baş Assambleyanın sədri bildirib.
Gələcək oyunların gender baxımından tarixdə ən balanslı olacağını vurğulayan Berbok, həmçinin əlavə edib ki, Beynəlxalq Olimpiya Komitəsi sülhün rəmzi kimi olimpiya stadionunda və olimpiya kəndlərində BMT bayrağının qaldırılması barədə qərar qəbul edib.