Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Antonio Quterreş növbəti dəfə islahatların zəruriliyini bəyan edib
BMT Baş Assambleyasının 81-ci sessiyasında təşkilatın Baş katibi Antonio Quterreş növbəti dəfə islahatların zəruriliyini bəyan edib. O, sessiyanın ümumi müzakirələrinin açılışındakı çıxışında deyib ki, Afrikanın daimi üzvlə təmsil olunmadığı BMT Təhlükəsizlik Şurasının hazırkı strukturu ədalətsiz və qəbuledilməzdir: “Afrikanın daimi təmsil olunmadığı XXI əsr Təhlükəsizlik Şurası, sadəcə, köhnəlmiş deyil, həm də ədalətsiz və müdafiəolunmazdır”.
“Texnoloji güc təhlükəsizliyə zəmanət verə bilməz”
Onun sözlərinə görə, şəbəkələşmiş gələcəyin qurulması, xüsusilə super dövlətlərin öz güclərinin o qədər də çox olmadığını və müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır. “Son illərin hadisələri bunu açıq şəkildə göstərdi. Hərbi güc təklikdə sülhü təmin edə, iqtisadi güc sabitliyi bərqərar edə, texnoloji güc isə təhlükəsizliyə zəmanət verə bilməz. Şəbəkələşmiş və çoxqütblü dünya qlobal problemlərin daha balanslı və təmsilçi şəkildə həlli üçün şərait yarada bilər. Lakin bunun üçün BMT-nin mərkəzində dayandığı, balanslı və ədalətli təmsilçiliyə əsaslanan çoxtərəfli sistem, həmçinin müasir dünya iqtisadiyyatlarının reallıqlarını və inkişafını əks etdirən güclü, səmərəli institutlar lazımdır”, - deyə Quterreş vurğulayıb.
Baş katib Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə də çağırıb: “Gəlin, bu zaldan birlikdə aydın mesaj göndərək: Yaxın Şərqdə hərbi əməliyyatlara son qoyulmalı, humanitar yardımın maneəsiz çatdırılması təmin edilməli, beynəlxalq hüquqa uyğun olaraq gəmiçiliyin hüquq və azadlıqları tam şəkildə bərpa olunmalıdır”.
Xatırladaq ki, A.Quterreş BMT-nin Baş Assambleyasında yüksəksəviyyəli müzakirələrdə Baş katib kimi son çıxışını edib. O, əvvəlki çıxışlarında da islahatları dəstəkləyib, rəhbərlik etdiyi təşkilatın modernləşdirilməsinə davam edən təkanların bir hissəsi olaraq, BMT-nin effektiv, qənaətcil və xidmət etdiyi insanlara cavabdeh olmasını təmin etmək məqsədilə islahatlara üstünlük verdiyini deyib. A.Quterreş vurğulayıb ki, islahatlar təkcə daxili proseslərlə bağlı deyil, həm də sülh, inkişaf və humanitar yardımda nəzərəçarpacaq təkmilləşdirməyə nail olmaq məqsədi daşıyır.
Azərbaycan və Türkiyə bu məsələdə həmrəydir
Əslində, indiyədək dünyanın bir çox dövlətləri BMT-də islahatların aparılmasının zəruriliyini açıq şəkildə vurğulayırlar. Çünki BMT-nin dünyada nüfuzunu qorumaq naminə islahatların alternativi yoxdur. BMT Təhlükəsizlik Şurasında islahatların aparılması təklifi ilə ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. BMT Baş Assambleyasının tribunasından “Dünya beşdən böyükdür!”, - deyən Ərdoğan bu yöndə təşəbbüslərini müxtəlif platformalarda da səsləndirib. Türkiyə Prezidentinin fikrincə, BMT Təhlükəsizlik Şurasının inklüziv islahatı təcili ehtiyacdır. “Beş ölkə arasında bəşəriyyətin taleyini tələyə salan hazırkı nizam davamlı deyil”, - deyə Rəcəb Tayyib Ərdoğan bəyan edib. Nəzərə almaq lazımdır ki, üzv ölkələrin iştirakçılığı və beynəlxalq hüququn təmin olunması ilə dünyada sülh və iqtisadi rifah naminə əməkdaşlıq BMT-nin əsas missiyalarından biridir və məhz sadalanan meyarlar qlobal səviyyədə uzunmüddətli təhlükəsizliyin əsasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin yenidən işlənməsini təklif edib. İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvü olan ölkələrin də bu qurumda daimi təmsilçiliyinin vacibliyini vurğulayıb.
Həqiqətən də, beynəlxalq müstəvidə mövcud qlobal problemlər BMT Təhlükəsizlik Şurasında yeniliklərin edilməsini ciddi zərurətə çevirib. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 1945-ci ildə yaradılıb. Quruma 5 daimi üzv - ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və 10 qeyri-daimi üzv daxildir. BMT daxilində islahatlardan və təşkilatın beynəlxalq hadisələrə, proseslərə effektiv təsir mexanizmlərinin yaradılmasından bəhs olunarkən bir sıra məqamlara nəzər salmaq lazımdır. Bunlar, ilk növbədə, BMT Nizamnaməsində və Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklərin edilməsidir. Qeyd etdiyimiz kimi, ötən dövr ərzində dünyada baş verən hadisələr BMT-də islahatların zəruri olduğunu bir daha təsdiqləyir. Çünki təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin geosiyasi inhisarındadır. Xüsusilə də Təhlükəsizlik Şurasında yer alan daimi üzvlər istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Onlar veto hüququndan istifadə edərək subyektiv şəkildə öz maraqlarına uyğun olmayan məsələlərin qəbulunu əngəlləyirlər. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edərkən ikili standartlara yol verilir. Bu barədə kifayət qədər nümunə var. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi, sülhə məcburetmə mexanizmlərinin tətbiqi ilə əlaqədar Bosniya və Herseqovina, Yuqoslaviya, Liviya və digər presedentlər mövcuddur.
BMT TŞ-nin qətnamələrinin icrası üçün yeni mexanizmlər olmalıdır
Lakin Azərbaycana münasibətdə Ermənistanın işğal etdiyi torpaqlarımızı qeyd-şərtsiz azad etməsi ilə bağlı 1993-cü ildə qəbul olunmuş dörd qətnamə 27 il kağız üzərində qaldı. 2020-ci ildə Azərbaycan öz gücü ilə həmin qətnamələrin icrasını təmin etdi. Bir müddət öncə Prezident İlham Əliyev Bişkek şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı da bu məsələyə toxunaraq deyib: “Təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolunun artmasına xidmət edər. Son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək”, - deyə ölkə başçısı çıxışında vurğulayıb.
Göründüyü kimi, dünyada nüfuzunun yüksəlməsi, münaqişələrin həllində təsirli imkanlara malik olması və ikili yanaşmalara son qoyulması üçün BMT strukturlarında islahatların aparılması zərurətdir.
Nardar BAYRAMLI