Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Noyabrın 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanla görüşüb.
Xarici İşlər Nazirliyi Mətbuat Xidməti idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, Azərbaycanın çoxtərəfli diplomatiyaya verdiyi töhfələr, habelə qlobal və regional gündəlikdə duran məsələlər müzakirə olunub.
Tərəflər Azərbaycanın BMT ilə əməkdaşlıqda fəal rolunu, habelə qlobal çağırışların həllinə töhfə verilməsi istiqamətində addımlarını məmnunluqla qeyd ediblər. Bu çərçivədə Azərbaycanın Qoşulmama Hərəkatı, COP29, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA), Ümumdünya Şəhərsalma Forumu (WUF) və digər beynəlxalq platformalar çərçivəsində sədrlikləri, irəli sürdüyü təşəbbüslər, keçirdiyi yüksək səviyyəli tədbirlər və əldə olunan nəticələr xüsusi vurğulanıb.
Nazir Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu ilədək həyata keçirilməsi prosesinə verdiyi töhfələr, bu istiqamətdə milli səviyyədə görülən tədbirlər, eləcə də beynəlxalq inkişaf gündəliyinə dəstək məqsədilə həyata keçirilən donorluq və humanitar fəaliyyət barədə məlumat verib.
XQ