Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Birləşmiş Millətlər Təşkilatı(BMT) yeni baş katibi seçmək ərəfəsindədir.
“Bakupost” xəbər verir ki, təşkilatın hazırkı baş katibi Antonio Quterreşin ikinci beşillik mandatı 2026-cı ilin dekabrın 31-də başa çatır.
Bu fonda da BMT-nin növbəti baş katibinin kim olacağı uğrunda mübarizə getdikcə qızışır. Rəhbərliyə gələcək yeni şəxsin müəyyənləşdirilməsi prosesi artıq Təhlükəsizlik Şurasında mühüm mərhələyə çatıb.
Qeyd edək ki, namizədin baş katib seçilməsi üçün ilk öncə Təhlükəsizlik Şurasının razılığı lazımdır. 15 üzvdən ibarət Şurada namizəd ən azı 9 səs toplamalı və daimi üzvlər olan ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransadan heç biri “veto” qoymamalıdır. Şuranın tövsiyəsindən sonra namizədin Baş Assambleya tərəfindən təsdiqlənməsi gözlənilir.
Hazırki beynəlxalq şəraitdə Qərblə Rusiya arasında münasibətlər olduqca gərgindir. Gərginlik o qədər yüksəkdir ki, istər-istəməz özünü bütün sahələrdə göstərir. Bu isə belə deməyə əsas verir ki, BMT-nin yeni baş katibinin seçilməsi məsələsi də olduqca gərgin atmosferdə keçə bilər. Hətta daimi üzvlərdən hansısa biri və ya bir neçəsinin namizədin seçilməsinə “veto” qoyması və bu məsələdə razılığın əldə olunmaması ehtimalı da mövcud vəziyyətdə yüksək qiymətləndirilir.
Siyasi şərhçi Qulamhüseyn Əlibəyli “Bakupost”a bildirib ki, mövcud geosiyasi durumda BMT-nin yeni baş katibinin seçilməyəcəyi ehtimalını nəzəri cəhətdən mümkün hesab edir:
“İndiyə kimi BMT-də belə bir problem yaşanmayıb. Amma indiki geosiyasi gərginlik şəraitində, dövlətlərin bir-birinə qarşı düşmən münasibət sərgilədiyi bir zamanda BMT-nin yeni baş katibinin seçilməyəcəyi ehtimalını nəzəri cəhətdən istisna etmək olmaz.
BMT Nizamnaməsi və baş katibin seçilməsi barədə qətnaməyə uyğun olaraq, bunu üçün Təhlükəsizlik Şurasının beş daimi üzvünün hər birinin razılığı tələb olunur. Yəni tərəflərdən hansısa biri namizədə “veto” qoysa, o seçilməyəcək. Amma həmin 5 daimiz üzvdən biri namizədə razılığını verməsə də belə, səsvermədə iştirak etməyərək, veto hüququndan istifadə etməsə, bu halda həmin namizəd Ali Baş Məclisdə səsverməyə çıxarılır”.
Bununla belə, həmsöhbətimiz BMT-nin baş katibsiz qalması ehtimalını cüzi hesab edir:
“Rusiya Təhlükəsizlik Şurasında təmsil olunur və onun iclaslarında iştirak edir. Moskva həmçinin özü ilə əlaqədar olmayan məsələlərdə son dövrlər “veto” hüququndan istifadə etməyib. Bu cəhətdən hesab edirəm ki, yeni baş katibin seçilməsi çətin olsa da, hər halda onun baş tutma ehtimalı daha çoxdur”.
Rüfət Sultan,
BakuPost