Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.
Azərbaycan daha geniş insan hüquqları çərçivəsinin ayrılmaz hissəsi kimi heç bir ayrı-seçkiliyə yol vermədən mədəni hüquqların təmin edilməsinə sadiq olan multikultural və çoxetnikli cəmiyyətdir. Konstitusiya və müvafiq beynəlxalq müqavilələr ölkədə bu hüquqların həyata keçirilməsi üçün davamlı zəmanətlər verir.
Adalet.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 81-ci sessiyasının üçüncü komitəsində mədəni hüquqlar sahəsində xüsusi məruzəçi ilə interaktiv dialoq zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev deyib.
Diplomat bildirib ki, mədəni hüquqlar universal, bölünməz və bir-biri ilə bağlı olan insan hüquqlarının ayrılmaz tərkib hissəsidir. Bu hüquqların təşviqi və qorunması cəmiyyətlərdə müxtəlifliyin qorunub saxlanılması və hər kəsin mədəni həyatda iştirakına imkan yaradılması üçün mühüm əhəmiyyət kəsb edir.
O qeyd edib ki, əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycan mübadilə, innovasiya və yaradıcılıq mənbəyi kimi mədəni müxtəlifliyi qlobal miqyasda davamlı olaraq təşviq edir.
"Multikultural cəmiyyət olaraq Azərbaycan mənşəyindən və ya mənsubiyyətindən asılı olmayaraq, müxtəlif mədəniyyətlərin qorunub saxlanılması və inkişaf etdirilməsi, eləcə də öz ərazisindəki tarixi və mədəni abidələrin mühafizəsi ilə bağlı öhdəliyinə sadiq olduğunu bir daha təsdiq edir", - diplomat sözlərini yekunlaşdırıb.