BMT dən xəbərdarlıq Süni intellektin təhlükələri uşaqlar üçün artır

01.02.2026

Icma.az, Olke.az saytına istinadən bildirir.

Süni intellekt vasitəsilə yaradılan böyük həcmdə zərərli məzmun internetdə yayılır. Bununla əlaqədar BMT strukturları uşaqların zorakılıqdan, istismardan və psixoloji travmalardan qorunması üçün təcili kompleks tədbirlərin görülməsinə çağırış edib.

Ölkə.az xəbər verir ki, tövsiyə və rəhbər prinsiplərdən ibarət birgə bəyanatı hazırlayan qurumlardan biri olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru Kosmas Zavaza uşaqların üzləşdiyi təhlükələrin geniş dairəsi barədə məlumat verib. Söhbət “qruminq”dən (böyüklərin uşağa və onun ailə üzvlərinə etimad qazanmaq və sonradan onu yoldan çıxarmaq məqsədilə uzunmüddətli yaxın və etibarlı münasibətlər qurması), “dipfeyk”lərdən (insanın zahiri görkəmini manipulyasiya edən video və ya audioyazılar), rəqəmsal xidmətlərə zərərli funksiyaların yerləşdirilməsindən, kiberzorakılıqdan (rəqəmsal texnologiyalardan istifadə etməklə internet üzərindən təqib və hədə-qorxu) və qəbuledilməz məzmuna çıxışdan gedir.

Uşaqların müdafiəsi sahəsində fəaliyyət göstərən təşkilatlar bildirirlər ki, cinayətkarlar uşağın internetdə davranışını, emosional vəziyyətini və maraqlarını təhlil etmək üçün süni intellektdən istifadə edə, cəlbetmə və manipulyasiya strategiyasını daha dəqiq qura bilərlər.

2026-cı ilin əvvəlində uşaqların müdafiəsi məsələləri ilə məşğul olan bir sıra BMT qurumları “Süni intellekt və uşağın hüquqları haqqında” Birgə Bəyanatı imzalayıblar. Sənəddə ciddi risklərin mövcudluğu və cəmiyyətin hələlik onların öhdəsindən gəlməyə hazır olmadığı birbaşa qeyd olunur.

Bəyanatda uşaqların, müəllimlərin, valideynlərin və qəyyumların süni intellekt barədə bilik səviyyəsinin aşağı olması, habelə dövlət orqanlarında süni intellektin tənzimlənməsi, məlumatların qorunması və texnologiyaların uşağın hüquqlarına təsirinin qiymətləndirilməsi sahəsində texniki hazırlığın yetərli olmaması vurğulanır.

Texnologiya nəhənglərinin roluna ayrıca diqqət yetirilir. Bəyanatda qeyd olunur ki, süni intellekt əsasında işləyən alətlərin əksəriyyəti, eləcə də onların əsasını təşkil edən modellər, metodlar və sistemlər hazırda uşaqların maraqları və rifahı nəzərə alınmadan hazırlanır.

“Biz həqiqətən narahatıq və istəyirik ki, özəl sektor fəal iştirakçı olsun, digər BMT qurumları və tərəfdaşlarla birlikdə formalaşdırdığımız ümumi prosesin bir hissəsinə çevrilsin. Texnologiyalar inkişaf aləti ola bilər, lakin eyni zamanda zərər də vura bilər”, – deyə Zavaza bildirib.

O, həmçinin şirkətlərin məhsullarını daha təhlükəsiz etməyə hazır olduqlarına əminliyini ifadə edib: “Əvvəlcə onların innovasiyaların məhdudlaşdırılacağından ehtiyat etdiklərini hiss edirdik, lakin bizim mesajımız çox aydındır: süni intellektdən məsuliyyətli istifadə etməklə gəlir əldə etmək, biznes aparmaq və bazar payını qorumaq mümkündür”.(AZƏRTAC)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью