Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Folker Türk bildirib ki, dünyada hər kəsə çatacaq qədər ərzaq istehsal olunmasına baxmayaraq, bəşəriyyətin dörddəbirindən çoxu kifayət qədər qida əldə etməkdə çətinlik çəkir. O, bolluq içində olan dünyada aclığın səbəbi kimi ədalətsizliyi və insan hüquqlarının pozulmasını göstərib.
AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, Romada keçirilən BMT-nin Dünya Ərzaq Təhlükəsizliyi Komitəsində çıxış edən Ali komissarın sözlərinə görə, qida hüququ beynəlxalq müqavilələrdə və qanunlarda öz əksini tapsa da, çoxlu sayda insan üçün bu hüquq hələ də real şəkildə süfrələrə gəlib çatmayıb. O əlavə edib ki, hazırda qlobal ərzaq təchizatı adambaşına gündəlik 3000 kaloridən çoxdur və bu, tarixi göstəricidir, lakin aclıq səviyyəsinin azaldılması prosesi bununla ayaqlaşa bilmir. “Bu bolluğun böyük bir hissəsi ədalətsizlik və insan hüquqlarının pozulması səbəbindən itirilir”,- deyə F. Türk vurğulayıb. O əlavə edib ki, hər gün təkcə ev təsərrüfatlarında bir milyarddan çox yemək porsiyası tullantıya çevrilir.
BMT qeyd edir ki, dünyadakı təsərrüfatların cəmi bir faizi qlobal əkin sahələrinin 70 faizindən çoxuna nəzarət edir. Eyni zamanda, qadın fermerlər və yerli xalqlar çox vaxt dövlət dəstəyindən, torpaqdan istifadə imkanlarından məhrumdurlar.
Ali komissar qeyd edib ki, hazırda aclıq təhlükəsinin ən yüksək olduğu 13 regiondan 12-sində münaqişələr kəskin aclığa səbəb olur. Humanitar yardıma qoyulan məhdudiyyətlər və yardım işçilərinə edilən hücumlar isə sonuncu xilas yollarını da kəsir. O, sosial müdafiəyə, ədalətli vergitutmaya, yoxsulluğu azaldan kənd təsərrüfatı siyasətlərinə, torpağa, suya, toxumlara bərabər çıxış imkanlarına, eləcə də iqlimlə bağlı ciddi tədbirlərə əsaslanan və insan hüquqlarına söykənən iqtisadiyyat qurmağa çağırıb.
F. Türk vurğulayıb: “Müharibə qaydalarına riayət olunmasını təmin etmək və aclığın heç vaxt müharibə aləti kimi istifadə edilməməsi üçün əlimizdən gələni etməliyik”.
BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Sofiya Monsalve Suares Komitə qarşısında müstəqil ekspert qismində çıxış edərkən bildirib ki, onu ən çox narahat edən məsələlər aclığın sürətlə artması və insanların qidadan məhrum edilməsinin müharibə silahı kimi istifadə olunmasıdır. Onun sözlərinə görə, xroniki aclıq halları 2025-ci ildə azalsa da, kəskin aclıq 2016-cı ildən bəri davamlı olaraq artmaqdadır.
Hazırda altı ölkədə 1,4 milyon insan fəlakətli vəziyyətlə üz-üzədir, Bu, 2016-cı illə müqayisədə doqquz dəfə çoxdur. Bundan əlavə, Sudan, Cənubi Sudan, Konqo Demokratik Respublikası, Yəmən və Qəzza kimi yerlərdə 266 milyon insan hər gün kəskin aclıqla mübarizə aparır.
Xüsusi məruzəçi bildirib: “Aclığın geri qayıtması və insanların qidadan məhrum edilməsinin müharibə silahı kimi istifadə olunması bəşəriyyət üçün misli görünməmiş mənəvi sınaqdır. Bu cinayətlər cəzasız şəraitdə davam edir”.
Suares məsuliyyətin təmin edilməsi və qarşısının alınması üçün daha güclü mexanizmlərin yaradılmasına, həmçinin erkən xəbərdarlıq sistemini təkmilləşdirmək məqsədilə Təhlükəsizlik Şurası, Komitə, insan hüquqları sistemi və ərzaq təhlükəsizliyinə nəzarət edən qurumlar arasında mükəmməl koordinasiyanın qurulmasına çağırıb.