BMT Narkotiklər və Cinayətkarlıq İdarəsinin heyəti Baş Prokurorluqda

22.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Sentyabrın 21-də Baş prokuror Kamran Əliyev Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Terrorçuluğun qarşısının alınması şöbəsinin rəhbəri Roberto Arbitrionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan Baş prokuror Roberto Arbitrionun sentyabrın 21–23-nü əhatə edən IV Bakı Təhlükəsizlik Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfərini yüksək qiymətləndirərək, səfərin Baş Prokurorluqla BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, xüsusilə qurumun Terrorçuluğun qarşısının alınması şöbəsi arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Baş prokuror Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşən strateji mövqeyinin ölkəmizi transmilli təhdidlərə qarşı mübarizədə mühüm tərəfdaşa çevirdiyini qeyd edib. Azərbaycanın Orta Dəhliz boyunca təhlükəsizliyin təmin olunması, korrupsiyaya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahələrində müxtəlif təşəbbüs və layihələrin həyata keçirilməsində regionun fəal iştirakçılarından biri olduğu vurğulanıb.

Görüşdə son illərdə Baş Prokurorluq ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi arasında konkret təşəbbüslər əsasında formalaşmış səmərəli əməkdaşlıqdan danışılıb.

Görüş zamanı BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Terrorçuluğun qarşısının alınması şöbəsi ilə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanaraq, terrorçuluqla bağlı yeni və meydana çıxan təhdidlər, terrorçuluğun maliyyələşdirilməsi, terrorçuluqla mütəşəkkil cinayətkarlıq arasındakı əlaqələr, kritik infrastrukturun mühafizəsi, yeni texnologiyalardan və virtual aktivlərdən terror məqsədləri üçün sui-istifadə hallarına qarşı mübarizə kimi aktual istiqamətlər üzrə praktiki əməkdaşlıq imkanları müzakirə olunub.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью