BMT nin nüfuz böhranı

19.06.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

XXI əsrdə qlobal təhlükəsizlik sistemi niyə təsirsizdir?

II yazı

BMT-nin fəaliyyətinə dair geniş yayılmış yanlış təsəvvürlərdən biri təşkilatın müstəqil şəkildə dövlətləri qərarlarını icra etməyə məcbur edə bilməməsi ilə bağlıdır. Əslində, BMT beynəlxalq hüququn əsas normativ platforması olsa da, onun səlahiyyətləri üzv ölkələrin ona verdiyi mandat və siyasi dəstəklə məhdudlaşır.

Təşkilat beynəlxalq hüquq normalarının hazırlanması, humanitar yardımın koordinasiyası, münaqişələrin monitorinqi, vasitəçilik missiyalarının təşkili və sülh danışıqlarının dəstəklənməsi istiqamətində mühüm funksiyalar yerinə yetirir. Lakin bu fəaliyyətlər daha çox diplomatik və normativ xarakter daşıyır. BMT iqtisadi sanksiyaları və ya digər məhdudlaşdırıcı tədbirləri yalnız Təhlükəsizlik Şurasının qərarı əsasında tətbiq edə bilər. Daimi üzvlər arasında siyasi razılıq əldə edilmədikdə isə belə mexanizmlər ümumiyyətlə işə düşmür.

Bununla yanaşı, beynəlxalq hüququn icrası üçün ayrıca beynəlxalq icra hakimiyyəti mövcud deyil. Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası da müəyyən hallarda Təhlükəsizlik Şurasının dəstəyindən asılı olur. Eyni zamanda, Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının həyata keçirilməsi də əsasən dövlətlərin əməkdaşlığına söykənir. Əgər dövlətlər əməkdaşlıqdan imtina edirsə, beynəlxalq institutların təsir imkanları xeyli dərəcədə azalır. Son illər beynəlxalq təşkilatın maliyyə asılılığı da ayrıca problem kimi qiymətləndirilir. BMT-nin humanitar proqramlarının əhəmiyyətli hissəsi könüllü ianələr hesabına maliyyələşdirilir. Donor dövlətlərin siyasi və iqtisadi prioritetlərində baş verən dəyişikliklər humanitar əməliyyatların miqyasına birbaşa təsir göstərir.

Qlobal Cənubun narazılığı

Son onilliklərdə BMT-yə ünvanlanan tənqidlər yalnız təşkilatın effektivliyi ilə məhdudlaşmır. Getdikcə daha çox ölkə onun təmsilçilik və legitimlik baxımından müasir beynəlxalq münasibətlər sisteminə uyğun gəlmədiyini bildirir. Bu mövqe Azərbaycan tərəfindən də ardıcıl şəkildə müdafiə olunur. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında, həmçinin Qoşulmama Hərəkatına sədrlik dövründə çıxışlarında Təhlükəsizlik Şurasının islahatlara ehtiyacı olduğunu vurğulayaraq bildirmişdir ki, Şuranın tərkibi daha ədalətli, şəffaf və coğrafi baxımdan balanslaşdırılmış olmalıdır. Prezidentin fikrincə, inkişaf etməkdə olan ölkələrin, xüsusilə Qoşulmama Hərəkatının və Afrika qitəsinin qlobal qərarların qəbulunda daha geniş təmsil olunması beynəlxalq idarəetmənin legitimliyini artıracaq. Oxşar mövqe İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən də dəstəklənir. İƏT-in qəbul etdiyi bir sıra yekun bəyannamələrdə və sammit qərarlarında BMT Təhlükəsizlik Şurasının islahatlarının zəruriliyi vurğulanır, müsəlman dünyasının maraqlarının bu qurumda daha adekvat şəkildə təmsil edilməsinin vacibliyi qeyd edilir.

Hazırkı struktur İkinci Dünya müharibəsinin qalibləri arasında formalaşmış güc balansını əks etdirir. Həmin dövrdə beynəlxalq sistem ikiqütblü qarşıdurmanın başlanğıc mərhələsində idi, müstəmləkəçilik prosesi tam başa çatmamışdı və bu gün beynəlxalq siyasətdə mühüm rol oynayan onlarla dövlət o vaxt müstəqil deyildi. Buna baxmayaraq, Təhlükəsizlik Şurasının daimi üzvlərinin tərkibi son səksən il ərzində dəyişməyib.

Bu gün BMT üzvü olan 193 dövlətdən 54-ü Afrika qitəsini təmsil edir. Buna baxmayaraq, Afrikanın Təhlükəsizlik Şurasında nə daimi üzvü, nə də veto hüququ var. Təşkilatın arqumenti ondan ibarətdir ki, BMT sülhməramlı əməliyyatlarının əhəmiyyətli hissəsi Afrikada həyata keçirildiyi halda, qitə təhlükəsizlik məsələlərinin qəbulunda adekvat şəkildə təmsil olunmur.

Oxşar narazılıq Asiyanın aparıcı dövlətləri tərəfindən də ifadə olunur. Hindistan dünyanın ən böyük əhalisinə malik ölkəsidir, qlobal iqtisadiyyatın əsas aktorlarından biri hesab olunur və uzun illər BMT sülhməramlı əməliyyatlarına ən çox hərbi kontingent göndərən dövlətlər sırasında yer alıb. Buna baxmayaraq, o, Təhlükəsizlik Şurasının daimi üzvü deyil. Braziliya Latın Amerikasının ən böyük iqtisadiyyatı və regional liderlərindən biri, Almaniya və Yaponiya isə BMT büdcəsinin əsas maliyyə donorları olsalar da, onlar da qərarların qəbulunda daimi iştirak hüququndan məhrumdurlar.

Digər tərəfdən, islahatlarla bağlı vahid mövqenin olmaması prosesi daha da mürəkkəbləşdirir. Məsələn, İtaliya, Pakistan, Meksika, Argentina və Cənubi Koreya kimi dövlətlər yeni daimi üzvlərin əlavə edilməsinə skeptik yanaşır və bunun əvəzinə qeyri-daimi üzvlərin sayının artırılmasını təklif edirlər. Bu ziddiyyətlər səbəbindən Təhlükəsizlik Şurasının islahatı ilə bağlı müzakirələr artıq otuz ildən çoxdur davam etsə də, praktik nəticə əldə olunmayıb.

BMT-nin, yoxsa beynəlxalq sistemin böhranı?

XXI əsrin ikinci onilliyindən etibarən beynəlxalq münasibətlər yeni mərhələyə daxil olub. Çin qlobal iqtisadi və hərbi güc kimi yüksəlir, Rusiya beynəlxalq təhlükəsizlik məsələlərində daha aktiv mövqe tutur, Hindistan, Türkiyə, Braziliya, Səudiyyə Ərəbistanı və digər regional güclər qlobal qərarların qəbulunda daha böyük rol tələb edirlər. Eyni zamanda, BRICS-in genişlənməsi, Şanxay Əməkdaşlıq Təşkilatının fəallaşması və müxtəlif regional inteqrasiya platformalarının güclənməsi beynəlxalq münasibətlər sisteminin getdikcə daha çoxqütblü xarakter aldığını göstərir.

Belə şəraitdə böyük dövlətlər arasında strateji rəqabət əməkdaşlıqdan üstün mövqe tutur. ABŞ–Çin münasibətlərində texnoloji və iqtisadi qarşıdurma, NATO ilə Rusiya arasında təhlükəsizlik böhranı, Hind-Sakit okean regionunda artan geosiyasi gərginlik və Yaxın Şərqdə davam edən rəqabət qlobal konsensusun formalaşmasını daha da çətinləşdirir. Nəticədə BMT Təhlükəsizlik Şurası bir çox hallarda qlobal problemlərin həllini təmin edən platformadan daha çox, böyük dövlətlərin ziddiyyətlərinin əks olunduğu siyasi arenaya çevrilir. Bu reallıq beynəlxalq hüququn tətbiqinə də təsir göstərir. Hüquqi normalar universal xarakter daşısa da, onların icrası çox vaxt geosiyasi maraqların təsiri altında qalır. Oxşar hüquqi pozuntular müxtəlif regionlarda fərqli siyasi reaksiyalar doğurur ki, bu da beynəlxalq hüququn selektiv tətbiqi ilə bağlı müzakirələri gücləndirir. Beləliklə, problem təkcə BMT-nin institusional imkanlarında deyil, beynəlxalq sistemdə ortaq siyasi iradənin zəifləməsindədir.

Bu gün dünya əvvəlki kimi vahid siyasi mərkəz tərəfindən idarə olunmur. Əksinə, müxtəlif güc mərkəzlərinin paralel şəkildə fəaliyyət göstərdiyi, rəqabətin əməkdaşlıqdan daha çox ön plana çıxdığı mürəkkəb beynəlxalq mühit formalaşıb. Belə bir sistemdə hər hansı beynəlxalq təşkilatın, o cümlədən BMT-nin, böyük dövlətlərin iradəsindən kənar müstəqil qərarlar qəbul edərək onları icra etdirməsi praktik baxımdan mümkün görünmür. Məhz buna görə BMT-ni beynəlxalq sistemin böhranının səbəbi kimi deyil, daha çox həmin böhranın institusional təzahürü kimi qiymətləndirmək daha düzgün olar. Təşkilatın fəaliyyətində müşahidə olunan çətinliklər, əslində, qlobal siyasi münasibətlərdə mövcud parçalanmanın və etimad çatışmazlığının əksidir.

Bununla belə, BMT-nin mövcud problemləri təşkilatın əhəmiyyətini tamamilə aradan qaldırmır. Əksinə, müasir beynəlxalq münasibətlər göstərir ki, qlobal problemlərin – silahlı münaqişələrin, terrorizmin, iqlim dəyişikliklərinin, pandemiyaların, kütləvi miqrasiyanın və ərzaq təhlükəsizliyi kimi çağırışların – heç biri ayrı-ayrı dövlətlər tərəfindən təkbaşına həll edilə bilməz. Bu səbəbdən çoxtərəfli əməkdaşlıq mexanizmlərinə ehtiyac əvvəlkindən daha böyükdür.

Son olaraq qeyd edək ki, əməkdaşlığın effektiv olması üçün BMT-nin institusional və funksional transformasiyası qaçılmaz görünür. Təhlükəsizlik Şurasının təmsilçilik modelinin yenilənməsi, qərar qəbuletmə mexanizmlərinin daha çevik hala gətirilməsi, veto hüququnun tətbiqinə dair məhdudiyyətlərin müzakirəsi, erkən xəbərdarlıq və preventiv diplomatiya alətlərinin gücləndirilməsi, eləcə də beynəlxalq hüququn icra mexanizmlərinin təkmilləşdirilməsi gələcək islahatların əsas istiqamətləri kimi qiymətləndirilə bilər.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью