BMT nin sülh imtahanı

21.09.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

20 sentyabr – suverenliyin əbədi möhürü

Suverenlik beynəlxalq münasibətlər sisteminin təməl prinsipi olmaqla yanaşı, qlobal təhlükəsizlik arxitekturasının dayanıqlığını şərtləndirən başlıca siyasi amildir. Beynəlxalq ictimaiyyətin hər il sentyabrın 21-də qeyd etdiyi Beynəlxalq Sülh Günü dövlətlərin qarşılıqlı münasibətlərində güc tətbiqindən imtina edilməsi, ərazi bütövlüyünə hörmət göstərilməsi zərurətini xatırladan qlobal təqvim hadisəsidir. BMT Baş Assambleyası tərəfindən təsis edilən gün həm milli, həm də beynəlxalq müstəvidə sabitlik ideallarının möhkəmləndirilməsi məqsədinə xidmət edir. Tarixi ardıcıllıq göstərir ki, BMT Baş Assambleyası 1981-ci ildə qəbul etdiyi 36/67 saylı qətnamə ilə həmin tarixi təşəbbüsü rəsmiləşdirərək sentyabr ayının üçüncü çərşənbə axşamını Sülh Günü elan etmişdi. 20 il sonra, yəni 2001-ci ildə qəbul olunan 55/282 saylı qətnamə isə institusional prosesi daha da təkmilləşdirdi və 2002-ci ildən etibarən sentyabrın 21-i ümumi atəşkəs, habelə zorakılıqdan imtina günü kimi qrafikə salındı.

Qlobal nizamın hüquqi əsaslarını tənzimləyən beynəlxalq sənədlər hərbi qarşıdurmaların dayandırılmasını yalnız ilkin mərhələ hesab edir. Əslində, davamlı təhlükəsizlik mühiti daxili sabitlik, bərabər hüquqlar sistemi və institusional ədalət prinsipləri üzərində bərqərar olur. İrqi, dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsə bərabər münasibətin təmin edilməsi beynəlxalq hüququn universal tələbidir. Postpandemiya dövründə formalaşan yeni geosiyasi reallıqlar, xüsusilə COVID-19 böhranının yaratdığı fəsadlar kollektiv səylərin əhəmiyyətini aşkar nümayiş etdirdi. Qlobal miqyasda müşahidə olunan sosial qeyri-bərabərlik, ksenofobiya və ayrı-seçkilik təzahürləri bəşəriyyətin ümumi çağırışlarla üz-üzə qaldığını təsdiqləyir. 

Müasir beynəlxalq münasibətlər sistemi dərin struktur böhranı ilə xarakterizə olunur. Hərbi toqquşmalar, beynəlxalq terrorizm, separatizm meyilləri, iqlim dəyişikliyinin yaratdığı təhlükələr bəşəriyyətin gələcək inkişaf trayektoriyasını ciddi risk altına qoyur. Nəticədə 1981-ci ildə irəli sürülən ideyalar indiki mərhələdə daha kəskin strateji əhəmiyyət kəsb edir. Məhz qeyd olunan zərurət səbəbindən hər il sentyabr ayında BMT çərçivəsində, habelə müxtəlif regional platformalarda geniş maarifləndirmə tədbirləri təşkil olunur.

Hər il qlobal miqyasda müəyyənləşdirilən xüsusi şüarlar dövrün ən ağrılı çağırışlarına fokuslanır. BMT-nin bu il üçün Beynəlxalq Sülh Gününün “Sülhə sərmayə qoyun – hər kəs üçün, hər yerdə, hər gün” prinsipi üzərində qurulması beynəlxalq münasibətlərin siyasi-iqtisadi fəlsəfəsini özündə əks etdirir. Qeyd edilən yanaşma təhlükəsizliyin abstrakt anlayış olmadığını, konkret maddi, iqtisadi və diplomatik resursların səfərbər edilməsindən asılı olduğunu göstərir. İnkişaf layihələrinin maliyyələşdirilməsi, humanitar yardımların göstərilməsi, sosial infrastrukturun bərpası, silahlanma yarışının məhdudlaşdırılması təhlükəsizlik arxitekturasının maddi əsasını təşkil edir. 

***

Cənubi Qafqaz regionunda formalaşan yeni geosiyasi vəziyyət qeyd olunan beynəlxalq paradiqma ilə tam uzlaşır. Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət beynəlxalq hüququn aliliyinə, qarşılıqlı maraqların qorunmasına və regional inteqrasiyanın dərinləşməsinə əsaslanır. Otuz ilə yaxın davam edən hərbi işğala son qoyulması, dövlət sərhədlərinin bərpası beynəlxalq hüququn təməl prinsiplərinin təntənəsidir. Azərbaycan tərəfindən irəli sürülən sülh gündəliyi regionda uzunmüddətli əməkdaşlıq mühitinin yaradılmasına hədəflənir. İrəli sürülən beş əsas prinsip – dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması, gələcəkdə ərazi iddialarından imtina edilməsi, güc tətbiq olunmaması, dövlət sərhədlərinin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması beynəlxalq hüququn baza normalarından qaynaqlanır.

Təhlükəsizliyə yönələn maddi sərmayə amili Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən irimiqyaslı layihələrdə bilavasitə təcəssüm tapır. İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi beynəlxalq humanitar təhlükəsizliyin mühüm tərkib hissəsidir. Minalanmış ərazilər insanların yaşamaq hüququnu birbaşa təhdid edir, iqtisadi dirçəlişə ciddi maneələr yaradır. Azərbaycan dövləti xarici donorlardan asılı qalmadan, daxili maliyyə mənbələri hesabına genişmiqyaslı minatəmizləmə fəaliyyəti həyata keçirir, dağıdılmış şəhərləri və kəndləri yenidən qurur. Müasir nəqliyyat qovşaqlarının, beynəlxalq hava limanlarının, avtomobil və dəmir yollarının inşası təkcə milli təhlükəsizliyə deyil, həm də bütöv Avrasiya məkanında sabitliyin möhkəmlənməsinə xidmət edir. Yaşıl enerji zonalarının təsis olunması isə qlobal iqlim hədəflərinə töhfə verir.

Regional inteqrasiyanın genişlənməsi gələcək hərbi eskalasiyaların qarşısını alan institusional sipərdir. Zəngəzur dəhlizi başda olmaqla strateji tranzit marşrutlarının işə düşməsi Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında davamlı ticarət körpüsü yaradır. İqtisadi asılılıq və qarşılıqlı mənfəət təhlükəsizliyin qorunmasında hərbi paktlardan daha effektiv mexanizm rolunu oynayır. Həmin səbəbdən regional kommunikasiyaların açılması gündəliyi diplomatik masada mühüm yer tutur. Üçüncü dövlətlərin bölgəyə yönəlik destruktiv müdaxilə cəhdləri, qeyri-regional qüvvələrin geosiyasi ambisiyaları isə əksinə, gərginlik ocaqlarının yenidən alovlanmasına zəmin hazırlayır.

Müasir dünyada sülhün qorunması təkcə hərbi ritorikadan çəkinmək demək deyildir. Təhlükəsizlik paradiqması ərzaq təhlükəsizliyi, enerji marşrutlarının şaxələndirilməsi, kiber məkanın mühafizəsi və sosial ədalətin təmin edilməsi ilə sıx bağlıdır. İqtisadi imkanların məhdudlaşdığı cəmiyyətlərdə daxili iğtişaşların yaranma riski kəskin şəkildə artır. Beynəlxalq maliyyə institutları, inkişaf agentlikləri zəif iqtisadiyyatlara dəstək verməli, resursların ədalətli bölgüsünə yardım göstərməlidir. İnkişaf etmiş dövlətlərin ticarət baryerləri yaratması, birtərəfli sanksiyalar tətbiq etməsi isə qarşılıqlı etimadı sarsıdır və lokal toqquşmaların qlobal münaqişələrə çevrilməsinə şərait yaradır.

Bütün qlobal və regional təhlükəsizlik çağırışlarının fonunda açıq şəkildə görünür ki, heç bir beynəlxalq sənəd, təntənəli bəyannamə və ya humanitar çağırış dövlətin müdafiə qabiliyyətini, ərazi bütövlüyünü və hüquqi toxunulmazlığını təkbaşına qorumağa qadir deyildir. Beynəlxalq münasibətlər sistemində real təhlükəsizliyin, sosial rifahın, vətəndaş sülhünün və diplomatik müstəqilliyin möhkəm təməlini təşkil edən, xalqların tarixi mövcudluğunu zəmanət altına alan başlıca meyar məhz suverenlikdir.

Yusif ŞƏRİFZADƏ

 XQ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью