BMT qlobal iqtisadiyyat üçün qiyamət ssenarisini açıqladı Dünya trilyonlarla dollar itirə bilər

12.11.2026

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) “Qlobal Ticarət İcmalı: Noyabr 2026” adlı hesabatında iqlim dəyişikliyinin yaratdığı iqtisadi risklərə diqqət çəkilib.

Banco.az xəbər verir ki, hesabatda yer alan ssenarilərə görə, qlobal temperaturun sənaye dövründən əvvəlki orta göstərici ilə müqayisədə 3 dərəcə yüksəlməsi dünya üzrə iqtisadi itkilərin ümumi daxili məhsulun (ÜDM) 10 faizinə çatmasına səbəb ola bilər.

ÜDM-in 10 faizi həcmində itki təhlükəsi

Xüsusilə ekvatora yaxın yerləşən aşağı gəlirli ölkələrdə bu itkilərin ÜDM-in 17 faizinə qədər yüksəlməsi ehtimalı var. UNCTAD-ın məlumatına görə, ötən il qlobal temperatur sənaye dövründən əvvəlki orta göstəricidən 1,4 dərəcə yüksək olub. 2015-2025-ci illər isə müşahidələr tarixinin ən isti 11 ili kimi qeydə alınıb.

Paris Sazişinin hədəfi aşılacaq

Hesabatda bildirilir ki, qlobal temperatur artımının mövcud proqnozlara uyğun davam etməsi Paris Sazişində nəzərdə tutulan 1,5 dərəcəlik həddin aşılmasına gətirib çıxaracaq.

İqlim dəyişikliyinin artıq ciddi iqtisadi risklər yaratdığı vurğulanan sənəddə ticarət və inkişaf siyasətlərinin təcili şəkildə yenidən nəzərdən keçirilməsinin vacibliyi qeyd olunur.

Yaşıl ticarətdə rekord artım

Hesabatda, eyni zamanda, aşağı karbon emissiyalı və dayanıqlı sənaye sahələri ilə bağlı ticarət imkanlarının sürətlə genişləndiyi bildirilir.

Günəş və külək enerjisi üzrə dəyər zəncirləri ilə əlaqəli qlobal mal ixracının 2025-ci ildə 1,8 trilyon dolları keçdiyi qeyd olunur. Bu sahənin digər emal sənayesi məhsullarının ixracı ilə müqayisədə daha sürətlə böyüdüyü vurğulanır.

Texnologiyalara çıxış imkanlarının artırılması çağırışı

UNCTAD iqlim dəyişikliyindən qaynaqlanan iqtisadi itkilərin qarşısını almaq üçün götürülən öhdəliklərin daha sürətlə həyata keçirilməsinin vacibliyini bildirib. Təşkilat ticarət əməkdaşlığı vasitəsilə iqlim texnologiyalarına çıxış imkanlarının yaxşılaşdırılmasına çağırıb.

Hesabatda qeyd olunur ki, iqlim dəyişikliyinə uyğunlaşmaq və emissiyaları azaltmaq üçün bu texnologiyalara münasib qiymətlərlə çıxış təmin edilməlidir. Həmçinin inkişaf etməkdə olan iqtisadiyyatların bu transformasiya prosesində dəstəklənməsinin zəruriliyi vurğulanır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью