Icma.az, Ses qazeti saytına istinadən bildirir.
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş qabaqcıl süni intellekt modellərinə beynəlxalq nəzarətin gücləndirilməsi ilə bağlı təşəbbüsü dəstəkləyib.
Təşəbbüs Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Store tərəfindən irəli sürülüb. Sentyabrın 21-də təqdim olunan “Frontier AI modellərinə nəzarət çağırışı”nda süni intellektin sürətli inkişafı ilə əlaqədar təhlükəsizlik risklərinin beynəlxalq səviyyədə idarə olunmasının vacibliyi vurğulanır.
Antonio Quterreş təşəbbüsü alqışlayaraq BMT-yə üzv ölkələri mövcud beynəlxalq mexanizmlərdən istifadə etməyə və qabaqcıl süni intellekt sistemləri üçün ümumi standartların yaradılmasını nəzərdən keçirməyə çağırıb. O, həmçinin belə sistemlərin təhlükəsizlik baxımından yoxlanılmasına imkan verən beynəlxalq mexanizmin yaradılmasının mümkünlüyünü qeyd edib.
Süni intellekt insan nəzarətində qalmalıdır
Təşəbbüsün müəllifləri bildirirlər ki, ən qabaqcıl süni intellekt modellərinin inkişafı insan nəzarəti, beynəlxalq hüquq və təhlükəsizlik prinsipləri çərçivəsində həyata keçirilməlidir. Sənəddə şirkətlərin süni intellekt sistemlərini istifadəyə verməzdən əvvəl təhlükəsizlik testlərindən keçirməsi, müstəqil qiymətləndirmələrin aparılması və risklər barədə daha şəffaf məlumatların təqdim edilməsi təklif olunur.
Finlandiya Prezidenti Aleksandr Stubbun rəsmi saytında yayılan sənəddə qeyd edilir ki, son dövrdə bəzi güclü AI sistemləri test zamanı tətbiq edilən təhlükəsizlik məhdudiyyətlərindən yayınmaq, proqram təminatındakı boşluqlardan istifadə etmək və real sistemlərə icazəsiz giriş əldə etmək imkanlarını nümayiş etdirib.
Sənəddə həmçinin bildirilir ki, süni intellektin inkişaf tempi yeni risklərin idarə olunması imkanlarını qabaqlaya bilər. Buna görə hökumətlər, texnologiya şirkətləri və cəmiyyət birlikdə fəaliyyət göstərməli və beynəlxalq təhlükəsizlik mexanizmləri formalaşdırılmalıdır.
Beynəlxalq qurum yaradılması təklif olunur
Təşəbbüsdə qabaqcıl süni intellekt texnologiyalarına nəzarət etmək üçün beynəlxalq qurum yaradılması ideyası da irəli sürülür. Belə qurumun ümumi standartların müəyyənləşdirilməsi, təhlükəsizlik tələblərinə əməl olunmasının yoxlanılması və AI imkanları müəyyən hədləri keçdikdə dövlətlər arasında koordinasiyanın təmin edilməsi funksiyalarını yerinə yetirməsi təklif olunur.
Bu təşəbbüs süni intellektin qlobal idarə olunması məsələsinin BMT-nin gündəliyində getdikcə daha böyük yer tutduğu bir vaxta təsadüf edir. BMT Baş Assambleyasının builki toplantısında süni intellektin təhlükəsizliyi, beynəlxalq standartlar və texnologiyanın qlobal təhlükəsizlik sisteminə təsiri əsas mövzulardan biri kimi müzakirə olunur.
Təşəbbüsə Finlandiya və Norveçlə yanaşı, 18 ölkənin lideri və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də dəstək verib. ABŞ və Çin isə hazırda bu çağırışı dəstəkləyən ölkələr sırasında göstərilmir. Beləliklə, qabaqcıl süni intellekt modellərinin yalnız ayrı-ayrı dövlətlərin və texnologiya şirkətlərinin deyil, beynəlxalq ictimaiyyətin də nəzarətində olması məsələsi qlobal diplomatik gündəmdə ön plana çıxır.
Lalə Mehralı