BMT: Somalidə aclıq böhranı kritik həddə çatıb

08.05.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Qahirə, 8 may, AZƏRTAC

BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) Somalidə kəskin ərzaq çatışmazlığı və aclıq böhranının ağırlaşdığı barədə xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, təşkilat əlavə maliyyə vəsaiti ayrılmayacağı təqdirdə iyul ayından etibarən humanitar yardım proqramlarını dayandırmaq məcburiyyətində qala biləcəyini bildirib.

Bildirilir ki, yağıntının az olması nəticəsində kənd təsərrüfatına və heyvandarlığa ciddi ziyan dəyib. Davam edən münaqişələr, təhlükəsizlik problemləri, xarici yardımların azalması və regiondakı müharibələrin yaratdığı iqtisadi təsirlər Somalidə milyonlarla insanı ağır aclıq təhlükəsi ilə üz-üzə qoyub.

Qeyd olunur ki, Somali əhalisinin təxminən üçdə birini təşkil edən 6 milyon nəfər kəskin aclıq şəraitində yaşayır. Bundan əlavə, 1,9 milyon uşaq xroniki qida çatışmazlığından əziyyət çəkir.

Təşkilatın proqram əməliyyatları üzrə icraçı direktorunun müavini Metyu Hollinqvort Cenevrədə açıqlamasında vurğulayıb ki, Somali dünyada qida çatışmazlığının ən geniş yayıldığı bölgələrdən biridir. O qeyd edib ki, ölkədə aclıq səviyyəsi kritik həddə çatıb və vəziyyət son dərəcə ağır olaraq qalır.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью