Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 5 fevral, AZƏRTAC
Çərşənbə günü BMT Təhlükəsizlik Şurasının iclasında BMT baş katibinin terrorla mübarizə məsələləri üzrə müavini vəzifəsini icra edən Aleksandr Zuyev İŞİD-dən qaynaqlanan təhdidlər barədə baş katibin məruzəsini təqdim edib.
AZƏRTAC xəbər verir ki, onun sözlərinə görə, vəziyyət pisləşir: Qruplaşma davamlılıq nümayiş etdirir, bəzi regionlarda mövcudluğunu genişləndirir və yeni texnologiyaları fəal şəkildə mənimsəyir.
Zuyev qeyd edib ki, son aylar ərzində İŞİD və onunla əlaqəli strukturlar “davamlı antiterror təzyiqinə baxmayaraq uyğunlaşmağa və dayanıqlıq nümayiş etdirməyə davam edirlər”.
Qruplaşma xarici döyüşçülərin cəlb edilməsini gücləndirir, qanunsuz ödənişlərin yığılması, hədə-qorxu ilə pul tələb etmə və adam oğurluğu hesabına maliyyə əldə edir, həmçinin Afrikada, xüsusən Saheldə, qitənin qərbində və Çad gölü hövzəsində mövqelərini möhkəmləndirir. İŞİD regional sabitliyi sarsıdır və dövlətlərin humanitar, insan hüquqları və iqtisadi problemlərə reaksiya vermək imkanlarını məhdudlaşdırır.
İŞİD İraq və Suriyada aktiv fəaliyyət göstərir. Bununla bağlı xüsusi narahatlıq Suriya Ərəb Respublikasının şimal-şərqində yerləşən düşərgələrdəki vəziyyətlə əlaqədardır. Burada minlərlə qadın və uşaq su, ərzaq, tibbi yardım və təhsil xidmətlərinin çatışmazlığı şəraitində yaşayır.
Zuyev həmçinin bildirib ki, terrorçu qruplar kriptovalyutadan, kommersiya məqsədli peyk rabitəsindən, dronlardan və süni intellekt alətlərindən ilk növbədə əhalinin radikallaşdırılması və internet üzərindən cəlbetmə məqsədilə getdikcə daha fəal istifadə edirlər.
“Süni intellekt terrorçu qruplaşmalar tərəfindən xüsusilə gənclərə və uşaqlara təsir göstərmək üçün daha çox silah kimi istifadə olunur”, — deyə Zuyev qeyd edib.
BMT o cümlədən Suriya düşərgələrindən vətəndaşların repatriasiyası məsələlərində, Afrikada regional təhlükəsizlik mexanizmlərinin möhkəmləndirilməsində və ekstremizmin qarşısının alınması üzrə kompleks strategiyaların inkişafında dövlətləri əməkdaşlığı gücləndirməyə çağırır.
Zuyev xatırladıb ki, müsbət dəyişiklik yalnız beynəlxalq hüquqa və insan haqlarına riayət edildiyi halda mümkündür.
Bu il Baş Assambleya BMT-nin Qlobal Antiterror Strategiyasının doqquzuncu icmalını keçirəcək. Zuyevin sözlərinə görə, bu, dövlətlər üçün “çoxtərəfli səylərə sadiqliyi təsdiqləmək” və yanaşmaları yeni təhdidlərə uyğunlaşdırmaq üçün bir fürsətdir.