Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
BMT-nin Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalı Argentinanın Folklend adaları ilə bağlı iddiasını rədd edib
BMT-nin himayəsi altında yaradılmış Dəniz Hüququ üzrə Beynəlxalq Tribunal şənbə günü Argentinanın iddiasını rədd edib. Buenos-Ayres arxipelaq üzərində suverenlik mübahisəsinin davam etməsini əsas gətirərək Böyük Britaniyaya Folklend adaları sahillərində neft hasilatı (qazma işləri) aparmağı qadağan edən müvəqqəti qərarın qəbulunu tələb edirdi.
Folklend adaları Atlantik okeanının cənubunda, Argentina sahilləri yaxınlığında yerləşən Britaniya dənizarxası ərazisidir. Buenos-Ayres də bu əraziyə iddia edir, lakin Böyük Britaniya həmin iddiaları dəfələrlə rədd edib.
Şənbə günü Hamburqda çıxış edən Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalın sədri bildirib ki, bu məhkəmə suverenlik məsələsi üzrə qərar çıxara bilməz. Qərar hakimlərin 18 lehinə, 3 əleyhinə səsi ilə qəbul olunub.
Qərar elan edildikdən dərhal sonra Böyük Britaniyanın xarici işlər naziri Ed Milibənd və baş prokuror Elli Rivz Argentinanı “Folklend adalarına iqtisadi təzyiq göstərməyi dayandırmağa” çağırıblar.
“Argentina Folklend adaları sakinlərinin öz suveren qərarlarını qəbul etməsinə mane olmağa çalışdı, lakin bu cəhddə uğursuzluğa düçar oldu”, — deyə onların birgə bəyanatında bildirilir. Onlar həmçinin əlavə ediblər ki, Argentina “Folklend adaları sakinlərinin öz gələcəklərini müstəqil şəkildə müəyyən etmək hüququna hörmət etməlidir”.
Argentina hakimiyyəti isə məhkəmə mübahisəsini davam etdirmək niyyətində olduğunu bildirib. Prezident Xavyer Miley Argentinanın tribunalın qərarına hörmət etdiyini, lakin “beynəlxalq hüquq çərçivəsində öz hüquqlarını müdafiə etməyə davam edəcəyini” deyib və əlavə edib: “Bu qərar son söz deyil”.
Tribunala müraciət edən Argentina təkid edirdi ki, iki ölkə arasında arxipelaqın mənsubiyyəti ilə bağlı ərazi mübahisəsinin mövcud olmasına baxmayaraq, mövcud vəziyyəti dəyişə biləcək heç bir addım atılmamalı, o cümlədən neft quyuları qazılmamalıdır.
Böyük Britaniyanın mövqeyi isə ondan ibarət olub ki, Argentina Folklend adaları üzərində öz hüquqlarını sübut etməyib və layihənin dayandırılması adaların əhalisi, eləcə də neft layihəsi ilə bağlı şirkətlər üçün ağır iqtisadi nəticələr doğura bilər.
Tribunalın qərarı yekunda öz səlahiyyətlərinə əsaslanıb; belə ki, Hamburqdakı dəniz hüququ məhkəməsi ərazi məsələlərinə baxmaq üçün müvafiq instansiya hesab edilmir.
Məhkəmə çəkişməsinə Folklend adalarından təxminən 200 kilometr aralıda yerləşən “Sea Lion” neft yatağı səbəb olub. Yatağın təxmini neft ehtiyatları 1,7 milyard barrel həcmində qiymətləndirilir.
İki neft şirkəti — Britaniyanın “Rockhopper Exploration” və İsrailin “Navitas Petroleum” şirkətləri iki il ərzində bu yataqda hasilata başlamalıdır ki, bu da adaların təxminən 3,5 min sakininə böyük gəlirlər gətirə bilər.
Bununla belə, Argentina hökuməti mübahisəli dəniz rayonlarının dəniz mühitinin beynəlxalq hüququn müdafiəsi altında olduğunu bəyan edib.
Xatırladaq ki, 2013-cü ildə keçirilən referendumda adaların sakinləri böyük səs çoxluğu ilə — 99,8 faiz səslə Britaniya dənizarxası ərazisi olaraq qalmağın lehinə səs veriblər.
1982-ci ildə isə Argentina qoşunları ərazi iddialarını irəli sürmək məqsədilə Folklend adalarına desant çıxarıb və bu, 74 günlük müharibəyə səbəb olub. Münaqişə zamanı Britaniya hərbi əməliyyat qrupu Argentina ordusunu adalardan sıxışdırıb çıxarıb. Müharibə nəticəsində 255 britaniyalı hərbçi, 3 yerli sakin və 649 argentinalı hərbçi həlak olub.
S.ELAY
XQ