BMT Türkiyə, Qətər və Misirin səylərini dəstəkləyir

03.02.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

BMT Türkiyə, Qətər və Misirin ABŞ ilə İran arasındakı gərginliyi diplomatik yollarla azaltmaq səylərini dəstəklədiyini bildirib. 

Məlumatı “Anadolu” yayıb. 

BMT Baş katibinin sözçüsü Stefan Düjarrik Nyu-Yorkda BMT-nin mənzil-qərargahında keçirilən brifinqdə Yaxın Şərqdəki hadisələri şərh edərkən bildirib: “Biz regionda gərginliyin dialoq yolu ilə azaldılmasına yönəlmiş istənilən səyi dəstəkləyirik. BMT bu prosesdə heç bir şəkildə iştirak etmir, lakin biz hər zaman istənilən diplomatik təşəbbüsü dəstəkləməyə hazırıq”.

ABŞ-ın İrandan nüvə danışıqlarının bərpasını tələb etməsi ilə bağlı “etibarlı məlumatlar” və bunun Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ilə, yoxsa ayrı bir məsələ ilə əlaqəli olub-olmadığı barədə suala cavab olaraq Düjarrik “bunu qiymətləndirə bilmədiyini” söyləyib.

Axios-un əvvəllər xəbər verdiyi kimi, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff fevralın 6-da Türkiyədə İranın xarici işlər naziri Abbas Əraqçi ilə mümkün nüvə sazişini müzakirə etmək üçün görüşəcək.

Amerika nəşri görüşü “son günlərdə Türkiyə, Misir və Qətərin diplomatik səylərinin nəticəsi” və “ən yaxşı ssenari” adlandırıb. 

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью