Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 29 oktyabr, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) 2026-cı ilin Fizika üzrə Nobel mükafatına həsr olunmuş elmi seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Yaqub Piriyev fundamental elmin inkişafında elmi tədqiqatların əhəmiyyətindən danışıb. O, müasir fizikanın kainatın quruluşunun, elementar zərrəciklərin xassələrinin və onların qarşılıqlı təsirlərinin öyrənilməsində mühüm rol oynadığını vurğulayıb.
Rektor seminarın elmi biliklərin yayılmasında və tələbələrin tədqiqat fəaliyyətinə marağının artırılmasında əhəmiyyətini qeyd edib.
Daha sonra universitetin professoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Vəli Hüseynov “Fizika üzrə 2026-cı ilin Nobel mükafatı: IceCube neytrino rəsədxanası və astrofiziki mənşəli yüksək enerjili neytrinoların kəşfi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Nobel mükafatı laureatı Frensis Halzenin elmi fəaliyyəti, IceCube neytrino rəsədxanasının quruluşu və Antarktidada yerləşdirilməsinin üstünlükləri barədə məlumat verilib.
Professor rəsədxananın iş prinsipini, buzun dərin qatlarında yerləşdirilən rəqəmsal optik modullar vasitəsilə neytrinoların qeydə alınmasını, yüksək enerjili neytrinoların astrofiziki mənşəyinin və mümkün mənbələrinin araşdırılmasını izah edib. Həmçinin IceCube layihəsinin yaradılmasında Frensis Halzenin rolu, detektorun imkanları, neytrinoların maddə ilə qarşılıqlı təsiri və bu sahədə aktual elmi problemlər diqqətə çatdırılıb.
Vəli Hüseynov öz tədqiqatları və hazırladığı elmi məqalələr haqqında da məlumat verib.
Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.