Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 15 sentyabr, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) 2026–2027-ci tədris ilinin başlanması ilə əlaqədar açılış mərasimi keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində BMU-nun rektoru Yaqub Piriyev universitetin son illərdə əldə etdiyi beynəlxalq uğurlardan danışıb. Rektor ali məktəbin dünya universitetləri reytinqində mövqeyinin yüksəldiyini, maddi-texniki bazanın gücləndirilməsi, ixtisasların beynəlxalq akkreditasiyası, beynəlxalq əlaqələrin genişləndirilməsi və məzunların məşğulluğunun təmin olunması istiqamətində mühüm işlər görüldüyünü deyib. Bildirib ki, həyata keçirilən tədbirlər builki qəbulun nəticələrində də özünü göstərib. 2026–2027-ci tədris ilində bakalavriat səviyyəsində 41 ixtisas üzrə qəbul planı 98,4 faiz dolub. Magistratura səviyyəsi də daxil olmaqla, BMU-nu ümumilikdə 3375 nəfər seçib. Bu, universitet tarixində ən yüksək qəbul göstəricisidir. Müqayisə üçün, 3 il əvvəl 30 ixtisas üzrə BMU-ya 1177 nəfərin qəbul olunduğu, tələbələrin sayında təxminən 187 faiz artımın qeydə alındığı vurğulanıb. Rektor yüksək nəticə göstərən abituriyentlərin sayının da artdığını diqqətə çatdırıb. Belə ki, 2026–2027-ci tədris ilində BMU-nu seçən 500-700 bal intervalında nəticə göstərmiş abituriyentlərin sayı 400 nəfəri ötüb.
Yaqub Piriyev, həmçinin Koreya Respublikası və Çinin aparıcı universitetləri ilə bakalavriat səviyyəsində 10 ixtisas üzrə həyata keçirilən 3 ikili diplom proqramına qəbul planının 100 faiz yerinə yetirildiyini bildirib. Bu proqramlara qəbul olunan tələbələrin 259 nəfəri 500-dən, 47 nəfəri isə 600-dən yuxarı bal toplayıb.
BMU məzunlarının uğurlarına ayrıca toxunan rektor cari ildə universitetin 25-dən artıq məzununun xarici nüfuzlu ali təhsil müəssisələrinin magistratura və doktorantura proqramlarına qəbul olduğunu, onların Dövlət Proqramı çərçivəsində təhsillərini davam etdirəcəklərini deyib. Bununla yanaşı, müxtəlif ölkələrin universitetlərinə müstəqil şəkildə qəbul olunan çoxsaylı BMU məzunlarının da olduğunu deyən rektor belə uğurların davamına əminliyini ifadə edib.
Yaqub Piriyev tələbələri universitetdə yaradılan imkanlardan maksimum yararlanmağa, peşəkar, Vətənə sadiq, məsuliyyətli və yüksək dəyərlərə sahib mütəxəssislər kimi formalaşmağa çağırıb.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Rizvan Nəbiyev və Vüqar Bayramov çıxış ediblər. Çıxışlarda ölkəmizdə gənclərin təhsili üçün yaradılan geniş imkanlar qeyd olunub.
Şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova müəllim və tələbə heyətini yeni tədris ili münasibətilə təbrik edərək, bilikli, hazırlıqlı və texnoloji yeniliklərə açıq gənclərin hər bir ailə və bütövlükdə cəmiyyət üçün qürur mənbəyi olduğunu bildirib.
Mərasimdə 2026–2027-ci tədris ilində BMU-ya qəbul olunan şəhid övladları xüsusi ehtiramla qarşılanıb. Onlara universitet həyatına atdıqları ilk addım münasibətilə hədiyyələr təqdim edilib.
Tədbirin digər yaddaqalan məqamı yüksək nəticə ilə BMU tələbəsi adını qazanan gənclərin təqdimatı olub. 650-dən yuxarı bal toplayan tələbələr səhnəyə dəvət edilib və onlara hədiyyələr təqdim olunub.