BMU da Zəfər tarixi və milli həmrəylik mövzusunda tədbir təşkil olunub

05.11.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 5 noyabr, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) 8 Noyabr - Zəfər Gününün altıncı ildönümünə həsr olunan təntənəli tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın Zəfər yolunu əks etdirən videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışıb. O, altı il əvvəl xalqımızın sarsılmaz birliyi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad edilməsini milli qürurun və tarixi ədalətin bərpasının təntənəsi kimi dəyərləndirib. Rektor bildirib ki, bu Qələbə xalqımızın əzmini və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirib. O, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin də müasir dövlətçilik tariximizdə xüsusi yer tutduğunu vurğulayıb. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində Azərbaycanın suverenliyinin tam bərpa olunmasını tarixi hadisə kimi səciyyələndirib.

Yaqub Piriyev Zəfərdən sonrakı dövrdə Azərbaycanın qazandığı siyasi və diplomatik uğurlara da toxunub. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığını, yeni əməkdaşlıq platformalarının yaradıldığını və regionda davamlı sülhün təmin olunması istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb.

Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən danışan rektor bu məqsədlə dövlət büdcəsindən indiyədək 26 milyard manata yaxın vəsaitin ayrıldığını bildirib. Azad edilmiş ərazilərdə müasir infrastrukturun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və sosial obyektlərin inşası istiqamətində həyata keçirilən layihələri diqqətə çatdırıb.

Tədbirdə iştirak edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Zəfər Gününü xalqımızın yaddaşında əbədi yaşayacaq şərəf tarixi kimi səciyyələndirib. O, Qələbənin arxasında milli həmrəyliyin, güclü dövlətçilik iradəsinin və Azərbaycan əsgərinin qəhrəmanlığının dayandığını vurğulayıb.

. Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Azərbaycanın müstəqillik tarixinin mühüm mərhələlərinə nəzər salaraq, ölkəmizin bugünkü qüdrətinin Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu möhkəm dövlətçilik ənənələri və ardıcıl inkişaf strategiyası üzərində qurulduğunu diqqətə çatdırıb. O, YAP-ın son qurultayında Prezident İlham Əliyevin Zəfərlə bağlı çıxışının siyasi və tarixi əhəmiyyətini vurğulayaraq, Qələbənin milli birlik və dövlətçilik iradəsinin təntənəsi olduğunu bildirib.

Tədbirin xüsusi qonağı, Şuşaya ilk Azərbaycan bayrağını sancmış, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş və hazırda BMU-nun birinci kurs tələbəsi olan Yaşar Hüseynov da çıxış edib. O, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdən, silahdaşlarının qəhrəmanlığından danışıb. Döyüş yoldaşlarının şücaətini ehtiramla xatırlayan Yaşar Hüseynov Azərbaycanın bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclənəcəyinə, suverenliyimizin və ərazi bütövlüyümüzün daim qorunacağına əminliyini ifadə edib.

Sonda BMU tələbələrinin hazırladığı bayram proqramı təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью