BMU məzunu Londonda magistratura təhsili alacaq

14.08.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 14 avqust, AZƏRTACM

Bakı Mühəndislik Universitetinin (BMU) biznesin idarə edilməsi ixtisasının məzunu Məhəbbət Əhmədli yüksək akademik göstəriciləri və beynəlxalq təcrübəsi ilə seçilərək dünyanın nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, BMU məzunu ABŞ-nin Kolumbiya və Corctaun universitetlərinə, həmçinin Böyük Britaniyanın Edinburq Universitetinə və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinə qəbul olub.

Məzun “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində dövlət idarəçiliyi ixtisası üzrə magistr təhsili almağa qərar verib. Onun bu uğuru onun yüksək akademik göstəricilərini, beynəlxalq təcrübəsini və liderlik potensialını əks etdirir. O, BMU-ya 658 balla qəbul olub və universiteti 96,33 orta göstərici ilə ixtisas birincisi kimi başa vurub. Ali təhsilindən əvvəl ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi Gələcək Liderlərin Mübadiləsi Proqramı (FLEX) çərçivəsində ABŞ-nin İndiana ştatında bir il orta məktəb təhsili alan gənc proqramı fərqlənmə ilə tamamlayıb. O, BMU-da təhsil aldığı müddətdə ABŞ-nin Azərbaycandakı səfirliyində təcrübə proqramında iştirak edib və proqramı uğurla başa vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью