Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 29 yanvar, AZƏRTAC
Bakı Mühəndislik Universiteti (BMU) ilə Pekin Kimya Texnologiya Universiteti (Beijing University of Chemical Technology-BUCT) arasında həyata keçirilən ikili diplom proqramına uyğun olaraq Çində təhsillərini davam etdirən “Kompüter mühəndisliyi” ixtisasının III kurs tələbələri Murad Mirzəyev, Şəfa Eyvazlı və "Kimya mühəndisliyi" ixtisasının tələbəsi Ləman Məstanova öz təəsüratlarını bölüşüblər.
AZƏRTAC xəbər verir ki, Murad Mirzəyev Çində təhsil almağın onun üçün çox fərqli və maraqlı bir akademik mühit olduğunu söyləyib. Murad BUCT-da universitet mühitinin olduqca nizamlı və tələbəyönümlü olduğunu deyib: “Kampus həyatı, kitabxanalar, laboratoriyalar və ümumilikdə yaradılan şərait insanı həm oxumağa, həm də öz üzərində işləməyə motivasiya edir. Gündəlik həyat da rahatdır - nəqliyyat, təhlükəsizlik və ümumi yaşayış şəraiti yüksək səviyyədə təşkil olunub”. O əlavə edib ki, fərqli mədəniyyətdə yaşamaq insana yeni baxış bucağı qazandırır: “Çin cəmiyyətində intizam və məsuliyyət daha çox ön plandadır və bu, tələbə həyatında da açıq şəkildə hiss olunur. Burada keçirdiyim müddət ərzində həm akademik, həm də şəxsi baxımdan çox şey öyrəndiyimi düşünürəm”.
Ləman Məstanova da Çində dərs prosesindən razılığını ifadə edib. Bildirib ki, müəllimlər mövzuları sadə və aydın şəkildə izah edir, praktiki biliklərə isə böyük önəm verilir: “Laboratoriya dərsləri xüsusilə yaddaqalandır, hər şey sistemli və təhlükəsizlik qaydalarına uyğun təşkil olunub. Bu da öz ixtisasını daha dərindən anlamağa kömək edir. İmtahan sessiyası isə düşündüyümdən daha rahat keçdi. Dərslər boyu verilən tapşırıqlar və izahlar imtahanlara yaxşı hazırlaşmağımıza şərait yaradır. Ümumilikdə, təhsil prosesindən razı qaldım və bu təcrübənin gələcək planlarım üçün böyük töhfə olduğunu düşünürəm”.
Şəfa Eyvazlı isə vurğulayıb ki, universitetdə beynəlxalq tələbələrə, xüsusilə Azərbaycandan olan tələbələrə göstərilən münasibət çox isti və səmimidir: “Müxtəlif ölkələrdən tələbələrlə tanış olmaq, ünsiyyət qurmaq və fərqli mədəniyyətləri yaxından görmək çox dəyərlidir. Bu, insanın dünyagörüşünü genişləndirir. Dərsdən kənar fəaliyyətlər də kifayət qədərdir və kampusda sosial, mədəni tədbirlər tez-tez keçirilir. Bu da təhsillə yanaşı, asudə vaxtın səmərəli keçməsinə kömək edir. Özümü burada tək hiss etmədim və tez uyğunlaşdım”.
Hazırda qış tətili ilə əlaqədar Azərbaycanda olan tələbələr BMU rəhbərliyi ilə də görüşüblər. Görüş zamanı tələbələrin BUCT-da tədris prosesi, semestr üzrə imtahan nəticələri və ümumi akademik vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Tələbələr imtahanlarını uğurla başa vurduqlarını və təhsil prosesindən razı qaldıqlarını bildirib, Çində təhsil və gündəlik həyat şəraitinin yüksək səviyyədə təşkili, universitet mühitinin əlverişli olmasından danışıblar. Təhsillərini uğurla davam etdirmələrində BMU-da aldıqları yüksək bilik və bacarıqların mühüm rol oynadığını önə çəkən tələbələr, həmçinin onlara daim dəstək göstərən universitet rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
BMU ilə BUCT arasında bakalavriat səviyyəsində Kimya, Kompüter, Mexanika mühəndisliyi ixtisaslarına dair ikili diplom proqramının icrasına ötən ildən başlanılıb. Hazırda 12 tələbə proqram çərçivəsində Çində təhsil alır. Bu ilin yanvar ayında isə iki universitet arasında daha 3 ixtisas (Kimya, Biotexnologiya, Biznesin idarəedilməsi) üzrə ikili diplom proqramının həyata keçirilməsinə dair müqavilə imzalanıb. Müqavilələrə əsasən, I, II kursları uğurla tamamlayan, eləcə də müvafiq prosedurları keçən tələbələr BUCT-da III, IV kurslarda təhsillərini davam etdirməklə iki diplom alacaqlar.