BMW dən böyük ixtisar: rəhbər vəzifələrin 20% i ləğv edilir

01.10.2026

Marja.az saytına istinadən Icma.az xəbər verir.

Almaniyanın avtomobil nəhəngi BMW xərcləri azaltmaq və gəlirliliyini artırmaq üçün idarəetmə strukturunda ciddi ixtisarlara hazırlaşır. Şirkət 2027-ci ilin ortalarınadək bölmələrin və onlarla əlaqəli rəhbər vəzifələrin sayını 20% azaltmağı planlaşdırır.

Marja xəbər verir ki, restrukturizasiya prosesində süni intellektdən geniş istifadə olunacaq.

BMW bildirib ki, bəzi bölmələrin birləşdirilməsi və ya ixtisarı nəticəsində onlarla əlaqəli rəhbər vəzifələr də ləğv ediləcək. Dəyişikliklərin idarəetmənin daha aşağı pillələrinə də təsir göstərəcəyi gözlənilir.

Şirkət süni intellektdən daha səmərəli istifadə etməklə prosesləri sürətləndirməyi, idarəetmə strukturunu sadələşdirməyi və qərarların qəbul müddətini azaltmağı hədəfləyir.

BMW-nin strukturuna bələd mənbələrin məlumatına görə, şirkətdə İdarə Heyətindən birbaşa aşağı pillədə təxminən 65 yüksək səviyyəli rəhbər, onların altında isə 400-ə yaxın yüksək vəzifə mövcuddur. Planlaşdırılan restrukturizasiya nəticəsində ümumilikdə 100-ə yaxın yüksək səviyyəli vəzifənin ləğv oluna biləcəyi bildirilir.

BMW-nin baş icraçı direktoru Milan Nedeljković bildirib ki, ixtisar edilməsi nəzərdə tutulan vəzifələrin böyük hissəsi şirkətin Münhendəki strukturunda yerləşir.

Şirkət hələ iyul ayında Almaniyadakı “ağ yaxalı” işçilərin sayının azaldılması ilə bağlı razılığa gəlmişdi. Məlumata görə, daha geniş restrukturizasiya proqramı təxminən 8 min iş yerini əhatə edə bilər ki, bu da BMW-nin qlobal işçi qüvvəsinin təxminən 5%-nə bərabərdir.

İxtisarların əsasən könüllü ayrılma proqramları vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

BMW yeni strategiya çərçivəsində yalnız işçi və rəhbər sayını azaltmaqla kifayətlənmir. Şirkət bütün dəyər zəncirində süni intellekdən istifadəni genişləndirərək avtomobillərin hazırlanmasından satınalmaya, istehsaldan satış və satışdan sonrakı xidmətlərədək prosesləri avtomatlaşdırmağı planlaşdırır.

BMW-nin məqsədi avtomobil biznesində mənfəət marjasını 2028-ci ildə 3–5%-ə, növbəti onilliyin əvvəlində isə yenidən 8–10% diapazonuna çatdırmaqdır.

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью