Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir. Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Azərbaycana təhvil verilib.
Bu barədə "APA-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.
Belə ki, Almaniyanın Leypsiq şəhərində “Beynəlxalq Nəqliyyat Forumu 2025” Sammiti keçirilir.
Tədbirdə ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Sammitə 80-dən artıq ölkədən 1200-dən çox nümayəndə qatılıb. Tədbir “Qlobal şoklara qarşı nəqliyyatın davamlılığı” mövzusuna həsr olunub.
İştirakçılar təbii fəlakətlər, pandemiyalar, kibertəhlükələr və geosiyasi böhranlar kimi pozucu amillərin yaratdığı çətinliklər fonunda nəqliyyat sistemlərinin dayanıqlığının təmin olunması yollarını müzakirə ediblər.
Nazir müavini Rəhman Hümmətov Nəqliyyat Nazirləri Şurasının iclasında çıxış edərək Azərbaycanın qlobal şoklara davamlı nəqliyyat sistemlərinin yaradılması istiqamətində atdığı addımları təqdim edib.
O, şəhər infrastrukturunda rəqəmsallaşma, o cümlədən tətbiq olunan “Rəqəmsal əkiz” layihəsi, eləcə də yaşıl və dayanıqlı nəqliyyat sistemlərinin inkişafı üzrə görülən işlər barədə məlumat verib.