Boğulma riskini artıran əsas səbəblər açıqlandı

04.08.2026

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bəs insanlar daha çox hansı səbəblərdən boğulur, risk faktorları nələrdir və faciələrin qarşısını almaq üçün hansı təhlükəsizlik qaydalarına əməl edilməlidir?
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, 2026-cı il çimərlik mövsümünün başlanğıcından indiyədək nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarətində olan çimərliklərdə ölüm faktı qeydə alınmayıb.
Qurumun məlumatına görə, həmin dövrdə dalğıc-xilasedicilər tərəfindən suda boğulma təhlükəsi ilə üzləşən 55 nəfər xilas edilib.
Bununla yanaşı, xilasedicilər tərəfindən nəzarətsiz və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən 40 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib .

Azərbaycanda neçə ictimai çimərlik var?

Dövlət Turizm Agentliyindən bildirilib ki, 2026-cı ildə 10 yeni ictimai çimərlik istifadəyə verilib . Yeni çimərliklərin dördü Novxanı və Coratda, üçü Şüvəlanda, ikisi Türkanda, biri isə Şıx ərazisində yerləşir.
Ümumi sahəsi 30 hektar olan bu çimərliklərdə vətəndaşların rahat istirahəti üçün zəruri infrastruktur yaradılıb. Ödəniş yalnız stol, stul və şezlonqların icarəsinə görə alınır.
Agentliyin məlumatına görə, hazırda Azərbaycanda 200-dən çox çimərlik fəaliyyət göstərir . Onların əksəriyyəti Bakı, Sumqayıt, Xaçmaz, Lənkəran, Astara və Mingəçevir şəhərlərində yerləşir. Ölkədəki çimərliklərin təxminən 80 faizi Bakı və Abşeron yarımadasının payına düşür.
Ekspert: Yalnız nəzarət olunan çimərliklərə üstünlük verin
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, vətəndaşlar yalnız rəsmi fəaliyyət göstərən və xilasedicilərin növbə çəkdiyi çimərliklərdə istirahət etməlidirlər.
Onun sözlərinə görə, dəniz, çay, göl, su anbarı, kanal və digər su hövzələrinin çimmək üçün nəzərdə tutulmayan hissələrinə daxil olmaq həyat üçün ciddi təhlükə yaradır.
Ekspert vurğulayıb ki, Xəzər dənizinin 825 kilometrlik sahil zolağının hamısı çimmək üçün yararlı deyil . Təhlükəsizlik baxımından yalnız rəsmi çimərlik statusu verilmiş və xilasetmə xidməti fəaliyyət göstərən ərazilər seçilməlidir.
E.Nurəliyev əlverişsiz hava şəraitində, xüsusilə küləyin sürəti saniyədə 10–12 metri keçdikdə dənizə girməməyi , üzmə sərhədlərini keçməməyi, sahilə paralel üzməyi və təhlükəli davranışlardan çəkinməyi tövsiyə edib.
O, həmçinin spirtli içki qəbul etdikdən sonra suya girməyin boğulma riskini əhəmiyyətli dərəcədə artırdığını bildirib. Ekspert uşaqların isə istər dənizdə, istər hovuzda, istərsə də digər su hövzələrində bir an belə nəzarətsiz buraxılmasının yolverilməz olduğunu vurğulayıb.
Onun sözlərinə görə, dünya statistikası da nəzarət olunan çimərliklərin daha təhlükəsiz olduğunu təsdiqləyir. Belə ki, hər il dünyada təxminən 400 min nəfər suda boğularaq həyatını itirir və bu hadisələrin 95 faizdən çoxu nəzarətsiz çimərliklərdə və ya çimmək üçün nəzərdə tutulmayan ərazilərdə baş verir.
Ekspert hesab edir ki, sadə təhlükəsizlik qaydalarına əməl etməklə çimərliklərdə baş verən faciələrin böyük hissəsinin qarşısını almaq mümkündür.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью