Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Macarıstanın keçmiş Baş naziri Viktor Orban bildirib ki, Almaniya, Fransa, eləcə də Böyük Britaniya birlikdə Ukrayna tərəfində müharibəyə qoşulub. O, bu ölkələrin Ukraynaya vəsait göndərərək Macarıstanı da müharibəyə cəlb etdiyini iddia edib.
Politoloq Elçin Xalidbəyli Orbanın açıqlamasını Bakıvaxtı.az-a şərh edib.
Onun sözlərinə görə, hazırda həm Böyük Britaniya və Almaniya, həm də Fransa Ukraynaya siyasi, hərbi və maliyyə-iqtisadi dəstək göstərən əsas tərəflər sırasındadır. Ümumilikdə, Avropa İttifaqı ölkələrinin əksəriyyəti Kiyevə yardımı davam etdirmək niyyətindədir. Bununla belə, yardımın həcmi və onun Avropanın təhlükəsizliyinə təsiri ilə bağlı yanaşmalar fərqlənir.
Elçin Xalidbəyli: Aİ daxilindəki fikir ayrılıqları yalnız Macarıstanla məhdudlaşmır
Politoloq vurğulayıb ki, bəzi Avropa dövlətləri Ukraynaya dəstəyin artırılmasını zəruri hesab etdiyi halda, digərləri ayrılan vəsaitin azaldılmasının tərəfdarıdır. Xüsusilə Şərqi Avropanın bəzi ölkələrində milli büdcə vəsaitlərinin Ukraynaya yönəldilməsinə qarşı narazılıq müşahidə olunur:
"Viktor Orbanın hakimiyyəti dövründə Budapeşt Avropa İttifaqı daxilində Rusiyaya qarşı sanksiyaların tətbiqinə və Ukraynaya yardımın göstərilməsinə mane olan mövqe sərgiləyirdi. Macarıstanda hakimiyyət dəyişikliyindən sonra ölkənin Ukraynaya dəstək məsələsində mövqeyinin müəyyən qədər dəyişməsi yeni siyasi mənzərə yaradıb. Bununla belə, Budapeştin hazırkı mövqeyinin nə dərəcədə davamlı olacağı və gələcəkdə yenidən dəyişib-dəyişməyəcəyi açıq qalır".
Analitik qeyd edib ki, Aİ daxilindəki fikir ayrılıqları yalnız Macarıstanla məhdudlaşmır. Avropa ölkələrinin enerji resurslarına olan tələbatı da Rusiya ilə münasibətlərin normallaşdırılması məsələsini gündəmə gətirir. Bu amil bəzi dövlətlərin Moskva ilə əməkdaşlığa daha çox maraq göstərməsinə səbəb olur:
"Enerji maraqları, Ukraynaya ayrılan yardımın həcmi və Rusiyaya münasibətdə fərqli yanaşmalar Avropa İttifaqı daxilində siyasi ziddiyyətləri daha da dərinləşdirə bilər. Bu proseslər gələcəkdə qurum daxilində siyasi böhran əlamətlərinin daha qabarıq şəkildə üzə çıxmasına gətirib çıxara bilər".
Zeynəb Rzayeva