Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın boks millisinin üzvü Nəbi İsgəndərov bu gün Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunun final mərhələsində rinqə çıxacaq.
İdman.Biz xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz dörddəbir finalda Çexiya təmsilçisi Kelvin Sokessa ilə üz-üzə gələcək.
“World Boxing” təşkilatının açıqladığı yarış proqramına əsasən, qarşılaşmanın yer aldığı sessiya Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. İsgəndərovun döyüşü yarış proqramında 38-ci nömrə ilə qeyd olunub.
Azərbaycan boksçusu çexiyalı rəqibinə qalib gələcəyi təqdirdə yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.
Xatırladaq ki, Azərbaycan millisinin digər üzvü Məhəmməd Abdullayev (+90 kq) Dünya Kubokunun final mərhələsinə qələbə ilə başlayıb. Dörddəbir finalda polşalı Yakub Domurada 4:0 hesabı ilə qalib gələn boksçumuz yarımfinala yüksələrək ən azı bürünc medalı təmin edib.
Daşkənddə təşkil olunan turnir “World Boxing”in 2026-cı il üçün nəzərdə tutduğu üçmərhələli Dünya Kuboku seriyasının yekun yarışıdır. Turnirdə hər çəki dərəcəsi üzrə səkkiz boksçu mübarizə aparır.
Azərbaycan millisinin üzvləri mötəbər yarışa hazırlıq məqsədilə Özbəkistanda 12 günlük beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər.
Qeyd edək ki, noyabrın 28-də start götürən Dünya Kubokunun final mərhələsi dekabrın 3-də başa çatacaq.