Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Azərbaycan komandası Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb.
Bu uğura boksçumuz Gülər Hüseynova (51 kq) nail olub. İdmançımız dünən Dakar Ekspo Mərkəzdə keçirilən final görüşündə Venesuela təmsilçisi Qrenyellis Qarsiyaya məğlub olaraq gümüş medala sahib çıxıb. Bununla da Gülər Hüseynova Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazanan ilk azərbaycanlı qız boksçu kimi tarixə düşüb.
Beləliklə, Azərbaycan komandasının Dakar-2026-da qazandığı medalların sayı 6-ya çatıb. Daha əvvəl cüdoçu İbrahim Talıbov (55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Komandamızın digər üzvləri – çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq) və taekvondoçu Adil Kazımlı (73 kq) isə Oyunları gümüş medalla başa vurublar.
Qeyd edək ki, Gülər Hüseynova taekondoçu Adil Kazımlı ilə birgə bu gün keçiriləcək Dakar-2026-nın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı olacaq.
Qabil YUSİFOĞLU
XQ