Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mərkəzi Bank borclanmanın yeni limitlərini müəyyən edib
Mərkəzi Bank (MB) bank olmayan kredit təşkilatlarının (BOKT) öhdəliklərinin kapitala nisbətini üç həddə - 1, 3 və 10 mislində müəyyənləşdirib. Məqsəd BOKT vəsaitlərinin aidiyyəti şəxslərə - təşkilatın təsisçilərinə, inzibatçılarına, struktur bölmələrinin rəhbərlərinə və onların yaxın qohumlarına yönəldilməsinin qarşısının alınmasıdır. Mərkəzi Bankın Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov bildirib ki, əvvəlki dövrdə BOKT-larda aidiyyəti şəxslərlə bağlı müəyyən edilmiş hədd 30 faiz olub. Bu göstəriciyə yenidən baxılıb və banklarda tətbiq olunan yanaşmalar da nəzərə alınıb. Belə ki, fiziki şəxslər üzrə 5 faiz, hüquqi şəxslər üzrə 10 faiz, bütün aidiyyəti şəxslər üzrə isə ümumilikdə 15 faiz hədd müəyyənləşdirilib. Əsas məqsəd bir borcalandan asılılıq tələbindən fərqli olaraq, aidiyyəti şəxslərə verilən kreditlərin ümumi həcminin həddindən artıq cəmləşməsinə imkan verməməkdir.
Bununla BOKT-ların vəsaitlərinin aidiyyəti şəxslərə deyil, daha çox əhalinin kreditləşdirilməsinə yönəldilməsi hədəflənir.
Qeyd edək ki, hazırda ölkədə 53 BOKT fəaliyyət göstərir, 14 BOKT-da xarici kapital iştirak edir. 32 BOKT-da filial şəbəkəsi mövcuddur. Bunlardan 84 faizi Bakıdan kənardadır. Bu da banklarla müqayisədə daha geniş təmsil olunma deməkdir. BOKT-ların hazırda kredit bazarında fəallığı yüksəlsə də, bu, ümumilikdə bir sıra nöqsanlarla müşayiət edilir. Belə ki, bu təşkilatların təyin etdiyi istehlak kreditləri üzrə orta dərəcə 35 faizdir. Bu isə ölkə üzrə kredit dərəcəsindən az qala 2 dəfə çoxdur. BOKT-ların bu siyasəti problemli kreditlərin böyüməsinə səbəb olur.
BOKT-lar kreditləri öz qohumlarına verir
2026-cı ilin ötən 8 ayı ərzində vaxtı keçmiş, yəni problemli kreditlərin məbləği 725 milyon manatı ötüb. Banklar və kredit təşkilatları ilin əvəlindən daha çox kredit verib, ancaq nəzərdə tutulan qrafik və cədvəl üzrə kreditlərin geri alınması azalıb. Bu prosesdə BOKT-ların payı da az olmayıb. İstehlak kreditlərinin böyük həcmi məhz BOKT-ların üzərinə düşür. Bu qurumlar riskləri təhlil etmədən insanlara istehlak kreditlərinin verilməsində fəallıq edir. Hətta MB tərəfindən müəyyən edilmiş bir sıra faktlar təsdiq edir ki, BOKT-lar vəsaitlərini öz yaxın qohumlarına və digər aidiyyəti şəxslərə (təşkilatın təsisçiləri, inzibatçıları, struktur bölmələrinin rəhbərləri və s) yönəldir. Bu isə kredit bazarı üçün arzuolunmaz hallara gətirib çıxarır. Problemli kreditlər bankların likvidliyinə, dayanıqlılığına, dinamikliyinə mənfi təsir göstərir. Bu isə təkcə, likvidlik təhlükəsi ilə üzləşməkdə olan bəzi kommersiya bankları ilə yanaşı, BOKT-ların da bağlanmasına gətirib çıxara bilər.
Faiz dərəcələri nizamlanacaq
Mövcud vəziyyəti nəzərə alan Mərkəzi Bank bank olmayan kredit təşkilatlarının problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanmasına qərar verib. Ona görə də, qaydalar həm mövcud halların qarşısını almaq, həm də problemli kreditlərin artımında BOKT-ların şirnikləndirici siyasətini əngəlləmək məqsədi daşıyır. Bu, həm də təşkilatın vəsaitlərinin yaxın şəxslərə yönəldilməsinə və kreditlərin birbaşa əhalinin ehtiyaclarına istiqamətləndirilməsinə xidmət edəcək. Hazırda üzərində işlənilən yeni qaydaların digər istiqaməti həmin təşkilatlarda mövcud risklərin minimuma endirilməsinə və maliyyə sabitliyinin qorunmasına yönəlib. X.İsmayılovun fikrincə, bu sahədə lazımi araşdırmalar aparılır və hər hansı mənfi hallar müəyyən edildikdə qanunvericiliyin tələbləri baxımından müvafiq addımlar atıalcaq. Məsələn, etibarlı məlumatların vaxtında təqdim edilməməsi ilə bağlı gecikmələr baş veribsə, bu məsələ ilə əlaqədar da qəti tədbirlər görüləcək.
Ümumilikdə, yeni institusional qaydaların tətbiqində əsas məqsədlərdən biri məhz faiz dərəcəsini nizamlamaq, cəlb olunan vəsaitin daha yüksək faizlərlə müştərilərə təqdim edilməsinin qarşısını almaqdır.
İstehlak və biznes kreditləri arasında fərq qoyulmayıb
Digər məqsəd BOKT-ların kapital resusrslarının möhkəmləndirilməsi, sağlamlaşdırılması və likvidliyin artırılmasıdır. Hazırda BOKT-ların kapital fondu təxminən 5 milyon manat təşkil edir, öhdəlikləri isə buna adekvat deyil. MB hesab edir ki, bu rəqəm 5 milyon manat və ya 15 milyon manat səviyyəsində olmalıdır. Həmçinin, bank olmayan kredit təşkilatlarının biznes kreditləri verməsində təşviqedici siyasətini təmin etməkdir. MB biznes kreditləri ilə bağlı tələblərin daha yumşaq olmasını nəzərə alaraq BOKT-ları diqqəti bu sahəyə yönəltməyə dəvət edir. Bu məsələdə məqsəd BOKT-ların biznes kreditlərini, xüsusilə mikro və biznes kreditlərini təşviq etməsidir. BOKT-ların əvvəlki dövrdə ehtiyatlanmasına baxdıqda, burada düzgün yanaşma olmadığı MB-nın tədqiqat sənədlərində aydın görünür, ümumilikdə bu qurumların kreditlər arasında hər hansı bölgü aparmadığı təsdiq olunub. Yəni istehlak və biznes kreditləri arasında fərq qoyulmayıb. İndiki yanaşmada isə istehlak, biznes və digər kreditlərə fərqli yanaşmanı təmin edəcək.
E.CƏFƏRLİ