Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Azərbaycanda BOKT-lərin nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılır.
"APA-Economics" xəbər verir ki, bu, yeni təsdiqlənən “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”nda öz əksini tapıb.
Dəyişikliyə əsasən, kapital tələbi kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün 300 min manatdan 1 milyon manata, qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün isə 30 min manatdan 100 min manata çatdırılıb.
Bundan əlavə, Mərkəzi Bank “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
BOKT-ların verdiyi gündəlik kreditlərə dair tələblərə əsasən kreditlər milli valyutada maksimum məbləği 500 manat, gündəlik faiz dərəcəsi maksimum 0,3 %, qaytarılma müddəti maksimum 45 gün olmaqla verilə bilər.
Gecikdirilmiş ödənişlərlə bağlı tətbiq edildikdə, gecikdirilmə faizləri və ya dəbbə pulu əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 mislindən çox olmamalıdır.
Həmçinin, kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100 %-dən çox olmamalıdır.
Gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 gündən artıq hesablanmamalıdır.