Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Bakı və Abşerondan kənarda sahibkarlıq kreditləri üzrə faizin yarısı dövlət tərəfindən subsidiyalaşdırılır, kredit zəmanətinin limiti 20 faizdən 50 faizə qaldırılıb”.
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, qeyri-neft-qaz özəl sektorunun subyektlərinə sosial sığorta haqlarını ƏDV depozit hesabındakı vəsait hesabına ödəmək imkanı verilir:
"2027–2030-cu illərdə isə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının yarısı dövlət tərəfindən ödəniləcək. İxracatçıların nəqliyyat xərclərinin 70 faizədək hissəsi, mikro, kiçik və orta ixracatçıların isə gömrük rəsmiləşdirilməsi üzrə xərclərin bir hissəsi dövlət tərəfindən kompensasiya olunur".
Onun sözlərinə görə, gələn ildən Ələt Azad İqtisadi Zonasında istehsal olunan məhsulların azı 50 faizinin ixrac edilməsi şərtilə, həmin məhsulların daxili bazara gömrük rüsumu tətbiq edilmədən çıxarılması nəzərdə tutulub. 2026-cı ildə zonanın infrastrukturuna 150 milyon manatadək vəsait ayrılıb.
Günay Şahmar, Bizim.Media