Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bolnisidə fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində (QHİM) Vətən müharibəsinin altıncı ildönümü ilə bağlı “44 gündə yazılan şanlı tarix” adlı anım tədbiri keçirilib.
Tədbirə Gürcüstan və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Sonra QHİM-in direktoru Rezo Həsənov çıxış edərək, 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsinin Azərbaycanın tarixində mühüm hadisələrdən biri olduğunu bildirib. Qeyd edib ki, 44 gün davam edən döyüşlər nəticəsində Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlar azad edilib.
Çıxış zamanı həmçinin bildirilib ki, Prezident İlham Əliyevin 2020-ci ilin dekabrında imzaladığı sərəncamla 27 sentyabr tarixi şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Anım Günü kimi müəyyən edilib.
Tədbirdə çıxış edən qonaqlar və müəllimlər Vətən müharibəsi, onun tarixi əhəmiyyəti və Zəfərə aparan yolun əsas mərhələləri barədə iştirakçılara məlumat veriblər. Çıxışlarda şəhidlərin əziz xatirəsinin daim yaşadılmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində həvəskar şairlər tərəfindən şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Həmçinin müəllifi Həqiqət Şamilli olan “Müqəddəs şəhidlər” adlı kitab tədbir iştirakçılarına təqdim edilib. Kitabda şəhidlərin həyatı, göstərdikləri qəhrəmanlıq və keçdikləri döyüş yolu haqqında məlumatlar yer alır.
P.ƏMİRCANOV
XQ