Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bolqarıstan hakimiyyəti Tryavna şəhəri yaxınlığında yerləşən “Emko” hərbi zavodunda baş verən partlayışların mümkün diversiya nəticəsində törədildiyini araşdırır.
Bu barədə Bolqarıstanın daxili işlər naziri İvan Demerciev məlumat verib. Nazir jurnalistlərə açıqlamasında “kənardan müdaxilə ehtimalını istisna etmirik” deyib.
Onun sözlərinə görə, hakimiyyət orqanları “Emko”nun, eləcə də digər şirkətlərin müəssisələrində əvvəllər baş vermiş partlayış və yanğınları da araşdırır. Məqsəd hadisələr arasında mümkün əlaqənin olub-olmadığını müəyyənləşdirməkdir.
Sentyabrın 12-nə keçən gecə “Emko” zavodunun anbarlarında bir neçə partlayış baş verib. Ardınca yanğın başlayıb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.
Bu, son bir ay ərzində “Emko” müəssisəsində baş verən ikinci oxşar hadisədir. Avqustun 10-da Belitsa kəndində yerləşən sursat anbarında da partlayış və yanğın qeydə alınmışdı.
S.ELAY
XQ