Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

27.09.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Sofiya, 27 sentyabr, AZƏRTAC

Bolqarıstanda oktyabrın 25-də keçiriləcək prezident və vitse-prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb. Dövlət başçısı postu uğrunda mübarizədə 27 namizəd cütlüyü iştirak edir.

AZƏRTAC xəbər verir ki, Bolqarıstan Milli Televiziyasının (BNT) məlumatına görə, seçki kampaniyası oktyabrın 23-də gecə yarısı başa çatacaq.

Mərkəzi Seçki Komissiyası namizədlərin qeydiyyatı ilə bağlı yoxlamaları tamamlayıb. BNT bildirir ki, prezident seçkilərində bu qədər çox namizəd cütlüyünün iştirakı ölkə üçün rekord göstəricidir.

Bolqarıstanın ictimai televiziyası seçki iştirakçılarına BNT 1 və BNT 2 kanallarında 2000 dəqiqədən artıq pulsuz efir vaxtı ayıracağını açıqlayıb. Kampaniya müddətində namizədlərin mövqelərinin debatlar, müsahibələr və xüsusi seçki proqramları vasitəsilə təqdim edilməsi planlaşdırılır.

Seçkilər Bolqarıstanda son illərdə hökumətlərin tez-tez dəyişməsi və parçalanmış siyasi mənzərə fonunda keçirilir. Buna görə prezident seçkisinin nəticələri ölkənin gələcək siyasi balansı baxımından diqqətlə izlənilir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью