Bölünmüş Vətənin həsrət nəğməkarı

12.11.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Balaş Azəroğlu – 105

Unudulmaz Xalq şairi, dramaturq, ədəbiyyatşünas və tərcüməçi, Güney Azərbaycanda 21 Azər hərəkatının iştirakçısı Balaş Azəroğlu bir çox əsərləri, xüsusilə də “Vətəndə Vətən həsrətli” şeir və poemaları ilə oxucularının dərin rəğbətini qazanmış qələm sahiblərindən idi.

Daim öz sevimli mövzularına, şairlik kredosuna sadiq qalan şair avtobioqrafik ruhlu bir şeirində yazırdı:

Mənim könül dəftərim bənzəyir gülüstana,
Onda yer verilməmiş qarlı qışa, tufana.
Bir bahar ətri vardır şeirimdə, sözümdə,
Baharın həsrətilə yaşayıram özüm də.

Mən əl açıb göylərdən diləmədim azadlıq,
Mənim arxalandığım onlardan daha artıq –
Ölkələr həsrət çəkən afitab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.

Ötən əsrin 21-ci ilində Bakıda anadan olan, burada orta təhsil alan şair Ərdəbil əsilli atası Allahbaxışla birlikdə Stalin repressiyaları zamanı ata yurduna sürgün edilib. Üzünü görmədiyi doğma ocağın sürgün ünvanı olması onu çox keçmədən istiqlal nəğməkarına çevirdi.

Balaş Azəroğlu Təbrizdə qurulan Azərbaycan Milli hökuməti dövründə Ərdəbildə “Cövdət” qəzetinə redaktorluq edib. Bakıya mühacirətdən sonra müxtəlif vəzifələrdə çalışıb. Bu tayda 33 kitabı çapdan çıxıb, 30 poeması dərc edilib. Yaradıcılığı orden və medallara layiq görülüb. İstedadı və xidmətləri onu “Xalq şairi” ucalığına da yüksəldib. Hələ gənclik illərindən “Mübarizə yollarında” “Gənclik dostları”nı da başına yığıb “Savalan”a qalxıb, “Səhər şəfəqləri”nə bürünüb, “Sinəm Savalan dağıdır” deyib, “Bir kürsü istəyirəm” hayqırtısı ilə 2-yə bölünmüş Vətəninin bütövlüyünü arzulayıb.

Bu sətirlərin müəllifi hələ sovet dövründə ata yurdu Yardımlıda olarkən açıq havada dostları ilə dəfələrlə Qaracadağa qalxaraq oradan üzü Savalana boylanıb. Şəhriyarın, Söhrab Tahirin, Əli Tudənin, Balaş Azəroğlunun həsrət dolu misralarını səsləndirib. Bütövlük naminə həyatını verməyə hazır olan Balaş Azəroğlu bu duyğunu, görün, necə ifadə edib:

İnanın, qayıtsam doğma yerlərə,
Bir də Savalana baxsam doyunca,
Sizdən nə gizlədim, daha bir kərə,
Ömür istəməzdim ömrüm boyunca.

Onun musiqiyə yatımlı lirik mətnlərinə bəstəkarlar nəğmələr qoşublar. “Xəzər, ay Xəzər”, “Gəl, səhərim”, “Sən gedəli neçə vaxtdır” və “Narın yağış” kimi bir çox mahnılar bu qəbildəndir.

“Azəroğlu” təxəllüsünün mənası “od oğlu”dur. Alovlu gəncliyi azadlıq mübarizələrində keçən şair bu təxəllüsü əbəs yerə götürməyib. Ürəyinin odunu, közünü üfürə-üfürə tonqala, məşələ döndərib. Bir an da Vətən sevgisi, yurd həsrəti onu tərk etməyib.

Balaş Azəroğlu ailə həyatı quranda özü kimi Cənub həsrətli şair xanım Mədinə Gülgünü seçib. Beləcə, iki çıraq, iki şam bir-birindən od alıb, ilham alıb daha həzin, daha gözəl poetik nəğmələr yaradıblar. Mədinə Gülgünə həsr etdiyi şeirində Balaş Azəroğlu deyib:

Sevgilim, sən dünən cəbhə dostum,
Qələm yoldaşım idin.
Bu gün həyat yoldaşım olmusan artıq.
Sən tüfəngi atıb bir yana, keşik başından
Beşik başına keçib, layla çalırsan oğluma!

Vətən həsrətli Xalq şairinin bu misraları isə onun poetik manifesti sayıla bilər:

Mən bu ayrılığa bir ömür dözdüm,
Saçım, saqqalım da ağarmış, Təbriz.
Hər yerdə, hər yanda mən səni gəzdim,
Ayrılıq nə yaman olarmış, Təbriz!

Əli DOSTƏLİ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью